Çin dünyada ilk dəfə məlumatların peykdən Yer kürəsinə təhlükəsiz ötürülməsini həyata keçirib
Çin mütəxəssisləri dünyada ilk dəfə "Mo-Szı" adlı peykdən Yer kürəsinə kvant şifrələmənin köməyi ilə məlumatların təhlükəsiz və uğurla ötürülməsini həyata keçirməyə nail olublar.
“ICTnews” Elektron Xəbər Xidməti
ria.ru saytına istinadən yazır ki, peyk layihəsinin istehsalçısı və iştirakçısı olan Çin Elmlər Akademiyasının üzvü Pan Szyanvey deyib ki, siqnal Xebey əyalətində yerləşən Yanşan dağlarında qurulmuş Sinlun müşahidə stansiyasına və Urumçi yaxınlığındakı Nanşan stansiyasına göndərilib.
Alim deyib ki, peyk və yerüstü stansiya arasındakı rabitə məsafəsi 645-1200 km aralığında dəyişib, məlumatların ötürülmə sürəti isə indiki halda (məlumatların fiber-optik kabellə ötürülməsi ilə müqayisədə) 20 dəfə yüksəkdir.
Onun sözlərinə görə, peyk Çinin ərazisi üzərindən uçarkən sınaq üçün 10 dəqiqəlik imkan yaranır və bu müddətdə yerüstü stansiyaya 300 kilobit tutumunda şifrələnmiş məlumat göndərmək mümkündür.
Məsələn, tamamilə təhlükəsiz (dinlənilməyən) telefon zəngləri etmək, bank məlumatlarının təhlükəsiz ötürülməsini həyata keçirmək mümkün olacaq.
Bu uğur Çin alimlərinə tamamilə təhlükəsiz kommunikasiya şəbəkəsi yaratmağa kömək edəcək. Belə şəbəkə məlumatların ötürülməsi zamanı tam məxfiliyi təmin edəcək və istənilən kiberhücumlara qarşı dayanıqlı olacaq. Pan Szyanvey bildirib ki, 2030-cu ilədək Çində belə şəbəkənin yaradılması reallıqdır.
Emil Hüseynov