Dünyada ən böyük OLED displey yaradılıb
Cənubi Koreyanın “LG Electronics” şirkəti 4 voleybol meydançası ölçüsündə nəhəng elektron OLED displey qurub. Bu panel orqanik işıq diodları əsasında yaradılmış ən böyük ekran kimi Ginnesin Rekordlar Kitabına düşüb.
“ICTnews” Elektron Xəbər Xidməti
dailycomm.ru saytına istinadən yazır ki, 820 ədəd 55 düymlük OLED paneldən yığılmış displey Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən böyük ticarət kompleksi olan “The Dubai Mall”da qurulub. Məlumat üçün, hər il təxminən 80 milyon alıcı sözügedən ticarət kompleksinə baş çəkir. 3,65 mm qalınlığında olan OLED panellər ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən nəhəng akvariumun üzərində dalğa formasında qurulub.
Nəhəng OLED displeyin eni 50 metr, hündürlüyü 14 metr, ümumi sahəsi isə 700 kv.metr təşkil edir. “Nikkei” nəşrinin məlumatına görə, bu ekranın ölçüləri “LG” şirkəti tərəfindən Cənubi Koreyanın İnçxon beynəlxalq aeroportunda qurulmuş displeydən təxminən 7 dəfə böyükdür.
“Business Korea” nəşri yazıb ki, ekranda mövcud olan 1,7 milyard piksel bir xətt üzrə düzülsə, onun uzunluğu 11 kilometr təşkil edəcək.
Keyfiyyətli təsvir və elastikliyi ilə fərqlənən OLED panellər populyarlaşır, smartfon və yüksək səviyyəli televizor istehsalçıları tərəfindən daha tez-tez istifadə olunur.
Emil Hüseynov