Dünyada ən böyük məlumat mərkəzi tikiləcək
Müasir məlumat mərkəzləri xeyli enerji sərf edir, böyük həcmli informasiya saxlayır, mürəkkəb hesablamalar həyata keçirir və əlbəttə, sabit iş rejimini saxlamaq üçün çox güclü soyutma sisteminə ehtiyac duyur. Buna görə belə hesablama kompüterlərini soyuq yerlərdə qurmaq məqsədəuyğundur. Bu səbəbdən “Kolos” şirkəti Norveçin şimalında dünyada ən böyük məlumat saxlama və işləmə mərkəzini tikməyi planlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “
hi-news.ru” saytına istinadən yazır ki, Norveçin soyuq iqlimi effektiv soyutma sistemi yaratmağa imkan verəcək, həmçinin bir çox yenilənən enerji mənbəyinin olması enerji təchizatı problemini həll etməyə imkan verəcək. “Kolos” şirkətinin nümayəndələri bildiriblər ki, məlumat mərkəzinin fəaliyyəti üçün lazımi bütün enerji külək və yaxınlıqda yerləşən çaylarda qurulmuş su-elektrik stansiyalarının köməyi ilə hasil ediləcək. Mütəxəssislərin hesablamalarına görə, tikintiyə təxminən aylıq 1000 meqavatt enerji lazımdır, ancaq Qütb regionunun soyuq iqlimi bu göstəricini 60% azaltmağa imkan verəcək.
“Kolos” şirkətinin dizaynerləri Norveçin “HDR” şirkətinin memarları ilə birgə gələcək tikilinin ilkin layihəsini hazırlayıblar. Yaxın zamanda binanın planının təsdiq olunması planlaşdırılır. İlkin hesablamalara əsasən, tikinti 3000 işçinin iştirakı ilə bir neçə il ərzində həyata keçiriləcək.
Emil Hüseynov