“iOS 11” sisteminə uyğun gəlməyən əlavələrin sayı məlum olub
“Apple” şirkətinin “iOS 11” əməliyyat sistemi buraxıldıqdan sonra 32 bit tutumlu əlavələrin dəstəklənməsini dayandırması nəticəsində 200 minə yaxın əlavədən istifadə qeyri-mümkün olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
Macdigger” resursuna istinadən yazır ki, 2013-cü ildə 64 bitlik prosessorla işləyən “iPhone 5S” smartfon modelinin işıq üzü görməsi şirkətin 32 bitlik əlavələrdən gec-tez imtina edəcəyi üçün xəbərdarlıq olub. Cari ilin yanvarından istifadəçilər 32 bitlik proqramların gələcək “iOS” versiyalarında işləməyəcəkləri ilə bağlı bildirişlər almağa başlayıblar. “iOS 11” sisteminin nümayişi ərəfəsində 32 bitlik əlavələrin “App Store” mağazasında axtarışda göstərilməsi dayandırılsa da, hazırda onları “Alışlar” bölməsində yükləmək mümkündür.
Mobil əlavələrin analizi ilə məşğul olan “Sensor Tower” şirkətinin təsisçisi Oliver Yenin sözlərinə görə, “App Store” mağazasında 32 bitlik əlavələrin təxmini sayı 187 min təşkil edir ki, bu da mağazada istifadədə olan proqramların 8 faizinə bərabərdir.
Qeyd olunur ki, qalan əlavələrin əksər hissəsi oyunlardan ibarətdir. Əlavələrin təqribən 39 mini təhsil və əyləncə kateqoriyasına aid olub.
Məlumata görə, 32 bit tutumlu əlavələrdən istifadə dərhal dayandırılmayacaq. Belə ki, köhnə “iOS” versiyalı smartfonlarda işləməkdə davam edəcək proqramlardan bir neçə müddət “App Store” mağazasından yararlanmaq mümkün olacaq. Lakin “Sensor Tower” nümayəndələrinin qənaətinə görə, gələcəkdə “Apple” uyğunluq təşkil etməyən 200 minə yaxın əlavəni ləğv etməyi nəzərdə tutur.
Nizam Nuriyev