Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Strategy Analytics”: “5G” şəbəkəsini dəstəkləyən smartfonlar 2019-cu ildə satışa çıxarılacaq”


Bazarların tədqiqi ilə məşğul olan "Strategy Analytics" şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsi (5G - LTE) ilə uyğunluq təşkil edən smartfonların 2019-cu ildə satışa çıxarılacağını proqnozlaşdırır.

"ICTnews" Elektron Xəbər Xidməti "Mediasat" resursuna istinadən yazır ki, proqnozlara görə, "5G" şəbəkəsinə uyğun gələn smartfonların satış həcmi 2021-ci ildən etibarən sürətlə artmağa başlayacaq.

Bildirilir ki, "4G" standartının 2015-ci ildə dünyada smartfonlar üçün efir interfeysi sahəsində aparıcı mövqe tutaraq "3G" standartını sıxışdırması nəticəsində bu vəziyyətin 2022-ci ilədək davam edəcəyi gözlənilir.

Hesabatda, həmçinin vurğulanır ki, "2G" şəbəkəsinə uyğun smartfonlar çip və mobil qurğu istehsalçıları yeni simsiz rabitə texnologiyalarına keçdikcə, eləcə də uzunmüddətli inkişaf prosesində sürətlə keçmişdə qalacaq.

Tədqiqat şirkətinin əməkdaşı Boris Metodiev isə 2018-2022-ci illər ərzində dünyada "LTE" şəbəkəsi ilə uyğunluq təşkil edən mobil qurğuların satış həcminin 20 faiz artacağını proqnozlaşdırır.

Səksən səkkiz ölkədə vəziyyətin inkişafını təhlil edən şirkət mütəxəssisi Çin, ABŞ və Hindistanın "4G" üçün böyük bazar olacağı qənaətinə gəlib. Bununla yanaşı, Cənubi Koreya və Yaponiyanın müasir texnologiyaların inkişafı baxımından daha mütərəqqi ölkələr sırasında olacağı gözlənilir.

Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Nizam Nuriyev 





28/08/17    Çap et