“Chrome” brauzer bazarında rekorda imza atıb
Dünyada ən populyar brauzer olan “Chrome” yeni rekordlar qırmağa davam edir. Dünyada 40 mindən çox sayta daxil olan 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən “NetMarketShare” xidmətinin məlumatları buna sübutdur.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, 2016-cı ilin aprelində “Chrome” brauzeri fərdi kompüterlər üçün brauzerlər arasında populyarlıq göstəricisinə görə ilk dəfə “Internet Explorer”i geridə qoyub. 2017-ci ilin iyulunda “Chrome” öz liderliyini daha da gücləndirərək bazar payını 59,6%-dək artırıb. “Microsoft”un brauzerinin payı isə 16,5%-dək azalıb.
“Microsoft” şirkəti 2016-cı ilin əvvəlində “Internet Explorer” brauzerinin 11-ci versiyasından başqa digər versiyaların dəstəyini dayandırdıqdan sonra sözügedən brauzerin populyarlığı sürətlə azalmağa başlayıb. Həmin andan etibarən “Internet Explorer 10” və “Microsoft”un brauzerinin daha köhnə versiyaları üçün təhlükəsizlik yeniləmələri və texniki dəstək nəzərdə tutulmayıb.
Masaüstü və noutbuklar üçün ən tələb olunan brauzerlər üçlüyünə əvvəlki kimi “Firefox” daxildir. Bu brauzerin payı bir ayda 12%-dən 12,3%-dək artıb.
Emil Hüseynov