Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qoşa kameralı yeni “Samsung” smartfonu nümayiş olunub


“Samsung” şirkəti Çin bazarı üçün nəzərdə tutulan yeni “Galaxy C8” smartfon modelini rəsmən təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, modelin əsas xüsusiyyəti kimi 13 və 5 meqapikselli 2 moduldan ibarət əsas kamera qeyd olunur. Bundan başqa, qurğu ayrıca işıq diodlu işıqlandırıcıya malik 16 meqapikselli ön kamera ilə təchiz olunub.

Bildirilir ki, 1920 x 1080 piksel təsvir ölçülü 5,5 düym diaqonallı “Super AMOLED” ekrana malik yeni qurğu səkkiznüvəli “MediaTek Helio P20” prosessoru əsasında işləyir. Smartfonun quraşdırılmış yaddaşı 32 giqabayt, operativ yaddaşı 3 giqabayt təşkil edir. Həmçinin, qurğunun 64 giqabayt quraşdırılmış və 4 giqabayt operativ yaddaşa malik versiyası mövcuddur.

Bundan əlavə, “Galaxy C8” barmaq izi skaneri, “USB Type-C” çıxışı və 2 SİM kartın quraşdırılması üçün slotla təchiz edilib. Akkumulyator tutumu 3 min milliamper/saata bərabərdir, eləcə də “Fast Charge” sürətli enerjidoldurma funksiyası dəstəklənir.

“Galaxy C8” smartfonunun qiyməti və satışa çıxarılma müddəti barədə məlumat verməyən Cənubi Koreya istehsalçısı onu Çin ərazisində satmağı planlaşdırır.  

Nizam Nuriyev 





08/09/17    Çap et