“IBM” və “MIT” birgə süni intellekt laboratoriyası açacaq
“IBM” korporasiyası yaxın on il ərzində Massaçusets Texnologiya İnstitutu (MIT) ilə birgə “MIT-IBM Watson AI Lab” süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə 240 milyon dollar yatırmağı planlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “
Computerworld” resursuna istinadən yazır ki, laboratoriyada yüzdən çox tədqiqatçı, müəllim və tələbənin çalışması nəzərdə tutulur. Layihə ABŞ universitet və kommersiya şirkətlərinin süni intellekt sahəsində uzunmüddətli əməkdaşlıq layihələri tarixində ən böyüyü hesab edilir.
Məlumata görə, tezliklə laboratoriyanın fəaliyyəti çərçivəsində tədqiqat layihələrinin maliyyələşdirilməsi üçün müraciətlərin qəbuluna başlamaq planlaşdırılır. Tədqiqatlar proqramına yeni kompüter təlimi alqoritmlərinin hazırlanması, süni intellekt təliminə müvafiq yanaşmalar üçün yeni materialların, qurğu və arxitekturaların yaradılması, tibb, kompüter təhlükəsizliyi və digər sahələrin təcrübi məsələlərinin həlli, eləcə də süni intellekt texnologiyalarının iqtisadi və ictimai məsələlərinin və tətbiqi üsullarının tədqiqi daxildir.
Laboratoriya təsisçiləri tədqiqatların aparılması zamanı hazırlanacaq texnologiyaların kommersiya tətbiqi məsələsini xüsusi qeyd edirlər.
Nizam Nuriyev