Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“3D” printerdə hazırlanan reaktiv mühərrikin ilk sınaqları keçirilib
Avstraliyanın Monaş Universitetinin alimləri "Amaero" şirkətinin mütəxəssisləri ilə birlikdə üçölçülü (3D) çap texnologiyaları vasitəsilə yaradılan dünyanın ilk reaktiv mühərrikinin sınaqlarını keçiriblər.
"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, çap edilmiş reaktiv mühərrik onu digər oxşar texnologiyalardan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Belə ki, çivli hava mühərrikləri (aerospike engine) sinfinə aid reaktiv mühərrik Yer səthi üzərində müxtəlif atmosfer təzyiqinə malik sahələrdə geniş yüksəklik diapazonunda aerodinamik effektivliyi dəstəkləyir. Yeni mühərrikin konstruksiyası bu sinifdən olan digər mühərriklər kimi eyni səviyyədə enerji sərf etməklə yüksək sürət toplamağa imkan verir. Konstruksiyanın quraşdırılması prosesinin 4 ay ərzində tamamlanması isə onun əsas fərqli cəhətidir.
Bildirilir ki, hazırda universitet və şirkət ekspertləri birlikdə mövcud istehsal texnologiyalarının təkmilləşdirilməsi və "3D" çap vasitəsilə yaradılan reaktiv mühərriklərin keyfiyyətinin yaxşılaşdırılması ilə məşğul olacaq "NextAero" adlı yeni firma yaradıblar.