Avropa İttifaqında pulsuz “Wi-Fi” nöqtələri quraşdırılacaq
Avropa Parlamenti Strasburqda keçirilən iclasda “wifi4eu” adlı proqramın lehinə səs verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Belta” resursuna istinadən yazır ki, sənədə görə, Avropa İttifaqı (Aİ) ərazisində ödənişsiz “Wi-Fi” şəbəkə nöqtələrinin yaradılması üçün 120 milyon avro ayrılacaq.
Məlumata görə, simsiz internet terminallarının Avropanın 8 minə yaxın yaşayış məntəqəsində quraşdırılması planlaşdırılır. Pulsuz “Wi-Fi” nöqtələri park, muzey, məktəb, xəstəxana və ictimai nəqliyyatda yerləşəcək. Pulsuz şəbəkədən istifadə maksimum sadələşdiriləcək: sistemdə bir dəfə qeydiyyatdan keçməklə Aİ-də “wifi4eu” şəbəkə internetindən istifadə mümkün olacaq.
Bildirilir ki, şəhər rəhbərliyi və dövlət müəssisələrinin nümayəndələri onlayn rejimdə proqram üzrə vəsaitlərin ayrılması üçün müraciətlər edə biləcəklər. Onlar üçün yeganə tələb isə “Wi-Fi” terminallarının minimum üç il ərzində fəaliyyətinə zəmanətin verilməsi olacaq.
“wifi4eu” proqramının başlıca vəzifəsi ilk növbədə az məskunlaşmış regionların internetlə əhatə olunmasından ibarətdir. “wifi4eu” terminallarının 2018-ci ildə istifadəyə veriləcəyi nəzərdə tutulur.
Nizam Nuriyev