Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Kibermühafizə Agentliyinin yaradılması təklif olunur


Avropa Komissiyası Avropa İttifaqının ölkə və müəssisələrini kiberhücumlardan qorumağa imkan verəcək Avropa Kibermühafizə Agentliyinin yaradılmasını təklif edir. Təkliflə Avropa Komissiyasının sədri Jan-Klod Yunker çıxış edib.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, komissiya rəhbəri Avropa Parlamentinin Strasburqda plenar sessiyası çərçivəsində çıxışı zamanı Aİ-yə üzv dövlətlərin kibertəhdidlərdən yetərincə yaxşı mühafizə olunmadığını bildirib. “Kiberhücumlar demokratiya və sabitlik üçün silah və tanklardan daha çox təhlükə yarada bilər, çünki internetdə dövlət sərhədləri anlayışı mövcud deyil”, - o qeyd edib.

Onun sözlərinə görə, təkcə ötən il Aİ ölkələrində 4 mindən çox kiberhücum qeydə alınıb. Avropa şirkətlərinin təxminən 80 faizi müxtəlif növ kibertəhdidlərlə rastlaşıb. “Hazırda Avropa Komissiyası kibertəhlükəsizliklə bağlı problemlərin həlli yollarının axtarışı ilə məşğuldur”, - komissiya sədri vurğulayıb.

Bildirilir ki, kiberhücumların sərhədlərlə məhdudlaşmaması səbəbindən komissiya bu gün hücumlardan yaxşı qorunmaq üçün yeni alətlər, o cümlədən Avropa Kibermühafizə Agentliyinin yaradılmasını təklif edir.

Nizam Nuriyev 





14/09/17    Çap et