Pilotsuz döyüş vertolyotu hazırlanıb
Çinin aviasiya sənaye korporasiyası "China Helicopter Expo" sərgisində "AV500W" pilotsuz döyüş vertolyotunu təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "
Hi-News" resursuna istinadən yazır ki, korporasiya mütəxəssisləri tərəfindən ərsəyə gətirilən vertolyot kəşfiyyat və döyüş əməliyyatlarının aparılması üçün nəzərdə tutulmasına görə iki versiyada buraxılacaq. Göyərtədə quraşdırılan silah piyadalara və yüngül zirehli hərbi texnikaya hücum etməyə imkan verir.
Məlumata görə, uzunluğu 7,2 metr təşkil edən vertolyot havaya 120 kq-dək silah və yük qaldıra bilir. Kəşfiyyatçı vertolyot çəkinin yüngül olması səbəbindən havada səkkiz saatadək qalır. Digər versiyada tam silah-sursatla təchiz edilməklə uçma göstəricisi dörd saata bərabərdir. Dörd km-dək yüksəklikdə uçuş üçün nəzərdə tutulan modellərin maksimal sürəti saatda 170 kilometrə yaxındır.
Bildirilir ki, vertolyotun döyüş versiyası radiolokasiya avadanlığı və "hava-yer" tipli raketlər üçün avtomatik tuşlama sistemi ilə təchiz olunub. Raketlərin ümumi sayı dörd təşkil edir. Vertolyot onları 5 km-dək məsafədə yerləşən hədəflərə tərəf buraxa bilir. Bundan başqa, "AV500W" pulemyot və bombalar üçün aralıqla təchiz edilib.
"AV500W" yaradıcısının sözlərinə görə, vertolyot müxtəlif vəziyyətlərdə, o cümlədən sərhədlərin mühafizəsində, antiterror əməliyyatlarında və kiçik hərbi əməliyyatlarda havadan dəstək üçün faydalı ola bilər.
Uçuş sınaqları avqustda keçirilən"AV500W" vertolyotunun tam testləri ilin sonuna planlaşdırılır. Mütəxəssislərin sözlərinə görə, hər iki model növbəti ildə seriyalı istehsala hazır olacaq.
Nizam Nuriyev