Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ADA” Universiteti əməkdaşlıq edəcəklər
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ADA” Universiteti əməkdaşlıq haqda razılaşma imzalayıb.
Sənədin əsas məqsədi “ADA”-da informasiya texnologiyaları və mühəndislik sahəsində təhsil alan tələbələr üçün dəstəkləyici layihələr həyata keçirmək, İKT-nin tətbiqinin genişləndirilməsi üzrə birgə fəaliyyətlə məşğul olmaqdır.
Əməkdaşlıq haqda razılaşma nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və “ADA” Universitetinin rektoru Hafiz Paşayev tərəfindən imzalanıb.
Rektor Hafiz Paşayev nazirliyin təşəbbüsünü yüksək qiymətləndirərək bildirib ki, “ADA”-da İT və Mühəndislik üzrə təhsil alan əlaçı tələbələr bu əməkdaşlıq çərçivəsində təqaüdlər qazana biləcək, yeni təcrübə imkanları əldə edəcəklər. O, əlavə edib ki, “ADA” Universiteti fəaliyyətində tələbələrin startap layihələrinin dəstəklənməsinə geniş yer verir.
Öz növbəsində nazir Ramin Quluzadə isə qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İKT sahəsində həyata keçirilən işlərə ən istedadlı gəncləri cəlb etməkdə maraqlıdır. Nazirlik nəzdində fəaliyyət göstərən müəssisələrlə birgə tədqiqat layihələri həyata keçirmək, gənc alimlərlə birgə daim yenilənən İKT sahəsində meyilləri izləyərək yeni ideyalar ortaya qoymaq niyyətindədir.
Qeyd edək ki, “ADA” Universitetinin Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, eləcə də “AzInTelekom” MMC arasında konkret tədbirlər planı üzrə iki əlavə sənəd də imzalanıb.