“HTC” şirkətinin mobil biznesi satılacaq
ABŞ-ın “Google” korporasiyası Tayvanın “HTC” şirkətinin mobil biznesinin bir hissəsini 1,1 milyard dollara satın alacaq. Müvafiq razılığın əldə olunması barədə məlumat “Google” bloqunda dərc edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
IGate” resursuna istinadən yazır ki, tərəflər arasında imzalanan saziş çərçivəsində “HTC” şirkətinin “Pixel” smartfonunun yeni versiyası üzərində çalışan iki minə yaxın əməkdaşı “Google”da işini davam etdirəcək. ABŞ korporasiyası, həmçinin “HTC”-nin əqli mülkiyyəti üzərində müstəsna hüquq əldə edəcək.
Məlumata görə, Tayvan şirkəti “HTC” brendi ilə smartfonların istehsalı və satışı ilə məşğul olmaqda davam edəcək. Bundan başqa, şirkət diqqətini virtual reallıq istiqamətinin və “HTC Vive” kaskasının inkişafına yönəldəcək.
Tərəflər saziş maliyyə tənzimləyiciləri tərəfindən təsdiq olunduqdan sonra onu 2018-ci ilin əvvəlində tamamlamağı planlaşdırırlar.
Qeyd edək ki, “HTC” şirkəti “Google” ilə “Nexus” və “Pixel” brendli smartfon və planşetlərin buraxılışı üzrə uzun müddətdir tərəfdaşlıq edir. Analitiklərin qiymətləndirməsinə görə, “Pixel” smartfonlarının “HTC” smartfonlarının satışında payı 20 faizə bərabərdir. Oktyabrın 4-də ABŞ korporasiyası “Made by Google” ailəsindən olan yeni qurğular nəslinin, o cümlədən “Pixel” smartfonunun yeni versiyasının təqdimatını planlaşdırır.
Nizam Nuriyev