Ən etibarlı brauzerlər müəyyənləşib
Almaniyanın “X41 D-Sec” şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri brauzerlərə müxtəlif müdaxilə üsullarını sınaqdan keçiriblər. Testdə “Chrome”, “Edge” və “Internet Explorer” brauzerləri iştirak edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Rambler” resursuna istinadən yazır ki, ekspertlər qənaətə gəlib ki, “Chrome” müdaxilələrdən daha mühafizəli brauzer olaraq qalır. Onun təhlükəsizlik məhdudiyyəti “Edge”dən daha yaxşıdır. Bundan başqa, “Chrome”da hücumların qarşısını almaq üçün daha effektiv üsuldan istifadə edilir.
Tədqiqatda deyilir ki, “Edge”də ən zəif yer “Microsoft” korporasiyasının köhnəlmiş “Internet Explorer” brauzerinə etibar etməkdə davam etməsidir. “Edge”də istifadəçiyə “Explorer” brauzerinə keçməyi təklif edən internet saytlarının siyahısı saxlanılır. Bu isə “Edge”də mövcud olan bütün müasir mühafizə vasitələrinin nəzərə alınmamasına səbəb olur.
Bildirilir ki, mühafizəni dəf etmək üçün ən əlverişli üsul bu saytlardan birini zərərli proqram təminatı ilə yoluxdurmaqdır. Bundan sonra virus “Internet Explorer” vasitəsilə istifadəçi kompüterinə çatdırılacaq. Bunu “X41 D-Sec” mütəxəssisləri sübut etməyə nail olublar. Belə ki, onlar “Edge” brauzerinin internet saytları siyahısında olan istifadə müddəti bitmiş domen əldə edərək istifadəçiyədək bütün mərhələlərdən keçə biliblər.
Məlumata görə, hər üç brauzerin fişinq hücumundan mühafizəsi yoxlanılıb. Bu hücumlar qarşısında boşluğa daha çox köhnəlmiş funksiyaları dəstəkləməsinə görə “Edge” və “Internet Explorer” brauzerlərinin həssas olması müəyyənləşib. Lakin ekspertlər hakerin zərərli proqram təminatını genişləndirməklə “Chrome”u tam ələ keçirə bilməsini də aşkarlayıblar.
Tədqiqatçılar həmçinin müəyyənləşdirib ki, “Safe Browsing Google” funksiyası “Microsoft”un “SmartScreen” funksiyasından daha dəqiqdir. Lakin onların məqsədi casusluq olan məqsədyönlü hücumlarla mübarizə apara biləcəklərinə ümid azdır.
“Google” tərtibatçılarının daha bir bacarığı qeydə alınan səhvlərin daha tez aradan qaldırılması, eləcə də “Chrome” üçün təhlükəli boşluqları bağlamağa imkan verən səhvlərin növbədənkənar düzəldilməsidir. “Microsoft” isə adətən aylıq “patch” paketlərinin buraxılmasını gözləyir.
Nizam Nuriyev