Kibertexnologiyalar cinayətləri necə dəyişir?
Yeni elmi-texniki inqilab dalğası dünyanı görünməmiş cinayətkarlıq çağırışları qarşısında qoyub. Bu barədə İnterpol prezidenti, Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Hunvey İnterpol Baş Assambleyasının 86-cı sessiyasının açılışında bildirib.
"ICTnews" Elektron Xəbər Xidməti "
RİA Novosti" resursuna istinadən yazır ki, beynəlxalq polis təşkilatı rəhbərinin sözlərinə görə, yeni elmi-texniki inqilab dalğası artıq başlayıb. "Pilotsuz uçan aparatlardan artıq bütün sahələrdə geniş istifadə olunur. Əlli ildən sonra yollardakı avtomobillərin yarısından çoxu sürücüsüz olacaq. İyirmi ildən sonra kvant kompüterlərin hazırkı bütün mövcud parollara müdaxilə edə biləcəyi gözlənilir", - M. Hunvey qeyd edib.
İnterpol prezidenti vurğulayıb ki, bütün bu yeni hadisələr dünyada insanların həyatı, siyasi və iqtisadi vəziyyətlə yanaşı, cinayətlərin törədilməsi modelini dəyişəcək.
"Bütün ölkələr son yüz ildə misilsiz cinayətkarlıq çağırışları ilə üzləşib. 2000-2016-cı illərdə dünyada 70 minə yaxın terror aktı törədilib, beynəlxalq ictimaiyyət isə indiyədək onlara effektiv reaksiya vermə üsulunu müəyyənləşdirə bilməyib", - o əlavə edib.
Bildirilir ki, hər il 170 milyona yaxın kibercinayət törədilir ki, onun da açılma faizi mində birə bərabərdir. Bundan əlavə, cinayətlərdən iqtisadi ziyan hər il 445 milyard dolları ötür.
İnterpol Baş Assambleyasının 86-cı sessiyası çərşənbə axşamı Pekində işinə başlayıb. Assambleya işini sentyabrın 29-dək davam etdirəcək.
Nizam Nuriyev