Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən bahalı brendlər reytinqi açıqlanıb


“Apple” şirkəti ardıcıl beşinci dəfə dünyanın ən bahalı brendi seçilib. Bu barədə “Interbrand” agentliyinin tədqiqatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, “Apple” brendinin dəyəri ötən il ərzində 3 faiz artaraq 184,1 milyard dollar təşkil edib. Reytinqdə ikinci yeri brendi 141,7 milyard dollar (il ərzində 6 faiz artım) qiymətləndirilən “Google” şirkəti, üçüncünü isə “Microsoft” korporasiyası (79,99 milyard dollar,10 faiz artım) tutub.

Eyni zamanda “Coca-Cola” brendinin dəyərinin 5 faiz azalaraq 69,73 milyard dollar təşkil etməsi nəticəsində şirkət üçüncü yerdən dördüncü pilləyə düşüb. Texnoloji nəhəng “Amazon” 29 faizlik (dəyər 64,79 milyard dollar) artım nümayiş etdirməklə siyahının beşinci, Cənubi Koreyanın “Samsung” elektronika istehsalçısı isə altıncı (56,24 milyard dollar, artım 9 faiz) mövqeyində yer alıb.

Məlumata görə, “Facebook” brendi il ərzində 48 faiz bahalaşaraq hazırda 48,18 milyard dollar təşkil edir. Bu, Mark Sukerberqin rəhbərlik etdiyi şirkətə reytinqdə səkkizinci yeri tutmağa imkan verib.

İlk onluğu dəyəri 46,82 milyard dollara (11 faiz azalma) bərabər “IBM” brendi tamamlayır.

Bundan başqa, ciddi artımı il ərzində dəyəri 10 faizdən çox artan “Adobe” (56-cı yer), “Huawei” (70-ci yer) və “PayPal” (80-ci yer) brendləri nümayiş etdirib. Həmçinin “Interbrand” agentliyi 2008-2017-ci illərdə brendlərin ümumi dəyərinin 54 faiz artmasını vurğulayıb.

Nizam Nuriyev 





26/09/17    Çap et