Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ildə buraxılacaq smartfonlarda yüksək dəqiqlikli “GPS” modulları quraşdırılacaq


“Broadcom” şirkəti “ION GNSS+” konfransında kütləvi istifadə üçün yeni tip qlobal naviqasiya peyk siqnallarını dəstəkləyən dünyanın ilk çipinin yaradılmasını bəyan edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni çiplə smartfonlar istifadəçinin olduğu yeri hazırkı aktual 5 metr əvəzinə 30 santimetrədək dəqiqliklə müəyyənləşdirə biləcəklər. Bundan başqa, binalarda işləyə biləcək çip mobil qurğularda istifadə edilən hazırkı həllərdən iki dəfə az enerji sərf edəcək.

Məlumata görə, “GPS” və Avropanın “Galileo”, Yaponiyanın “QZSS” və Rusiyanın “GLONASS” kimi digər qlobal naviqasiya peyk sistemləri yerləşmə mövqeyini üç və ya daha çox peyk arasında olan məsafəni hesablamaqla müəyyənləşdirməyə imkan verir. Bütün peyklər, o cümlədən onların köhnələri məlumatı özündə peykin olduğu yeri, vaxt və digər informasiyanı birləşdirən “L1” siqnalı vasitəsilə ötürür. Yeni nəsil peyklər köhnəlmiş “L1” siqnalına əlavə olaraq başqa tezlikdə ötürülən daha mürəkkəb “L5” adlı siqnalı translyasiya edir. Yeni texnologiya isə siqnalın peykdən qəbulediciyə çatması üçün tələb oluna vaxtdan asılı olaraq bu siqnallardan özünün hər peykədək olan məsafəsinin müəyyənləşdirilməsi üçün yararlanır.  

Bildirilir ki, yeni “Broadcom” qəbuledicisi yerləşmə mövqeyini “L1” siqnalı ilə qeydə aldıqdan sonra onu “L5” vasitəsilə dəqiqləşdirir. “L5” siqnalı pozulmalara az meyilli olmasına görə xüsusilə şəhərlərdə faydalıdır. Şəhərdə peyk siqnalları qəbulediciyə həm birbaşa çatır, həm də bir və ya bir neçə binaya dəyərək qayıdır. Birbaşa siqnal və ya istənilən qayıdan siqnal müxtəlif vaxtlarda daxil olur. Qəbuledici siqnalın keçmə vaxtını dəqiq hesablamaq üçün bütün məlumatları nəzərə alır. Lakin “L5” siqnalında onların qısa olması qaytarılan siqnala birbaşa siqnalla kəsişməyə imkan vermir. Qəbuledici çipi birinci siqnaldan sonra bütün siqnalları qəbul etməyə bilər.

Hazırda satışda “L5” siqnallarından istifadə edən sistemlərin mövcud olmasına baxmayaraq onların hamısı adətən sənaye məqsədləri, məsələn, neft və qaz axtarışı üçün nəzərdə tutulub. “Broadcom BCM47755” isə kütləvi bazar üçün həm “L1”, həm də “L5” siqnallarından istifadə edən ilk çipdir.

“Əvvəllər orbitdə “L5” peykləri olmasa da, hazırda onların sayı 30-a yaxındır. Bu, çipin istifadəyə verilməsi üçün ən əlverişli vaxtdır”, - “Broadcom” şirkətinin “GNSS” marketinqi üzrə direktor müavini Manuel del Kastilo bildirib.

“BCM47755” çipinin 2018-ci ildə buraxılması planlaşdırılan bir sıra smartfonlarda quraşdırılacağı gözlənilir. Lakin şirkət bu qurğuların adı barədə açıqlama vermir.

Nizam Nuriyev 





27/09/17    Çap et