Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Loon” layihəsi 2019-cu ildə kommersiya bazarına çıxarılacaq


“Google” şirkətinin sahibi olan ABŞ-ın “Alphabet” holdinqi “Loon” layihəsini kommersiya bazarına çıxarmağa hazırlaşır.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, “Loon” təşəbbüsünün perspektivləri barədə danışan layihə rəhbəri Alaster Vestqart bildirib ki, “Loon” konsepsiyasının böyük gəlirli biznesə çevrilməsi planlaşdırılır. “Biz növbəti iki il ərzində operatorlarla tərəfdaşlıqda kommersiya əsasında xidmət göstərməyə başlayacağımıza inanırıq”, - o qeyd edib.

Beləliklə, “Loon” aerostatları 2019-cu ildən etibarən sadə istifadəçilər üçün internetə çıxış imkanı yaradacaqlar. Xidmət haqqının nə qədər olacağı barədə məlumat verilmir.

Qeyd edək ki, “Project Loon” proqramı çərçivəsində “Google” günəş batareyalarından enerji alan yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş aerostatlar vasitəsilə internetin paylanmasını həyata keçirir. Şirkət nümayəndələrinin sözlərinə görə, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrinin sürəti ilə eyni səviyyədə olacaq. 

“Project Loon” layihəsinin sınaqları 2013-cü ildə Yeni Zelandiyada keçirilib. “Google” Kenterberi regionunda yerli sakinlərdən olan 50 könüllünü internetlə təmin edən 30 şarı havaya buraxıb.

Bu ilin fevralında “Project Loon” mütəxəssisləri dünyada “Loon” hava şarları vasitəsilə internet şəbəkəsinin yaradılması ideyasından imtina edərək konkret regionların internetlə təmini üçün istifadə ediləcək azsaylı hava şarları ilə məhdudlaşmaq qərarına gəliblər. Mühəndislər bunun üçün kompüter təliminin köməyi ilə “Loon” hava şarlarına müxtəlif hava axınları arasında hərəkət etməklə lazımi ərazidə qalmağa imkan verən alqoritm yaradıblar.

Aerostatlar “Google” tərəfindən simsiz interneti qurmaq üçün ən sadə və ən ucuz üsul olması səbəbindən seçilib. Mürəkkəb infrastruktur yaratmaq və dağlarla, eləcə də Yer kürəsinin digər ucqar yerləri ilə kabellər çəkmək əvəzinə, belə üsulla planetin hazırda internetə çıxış imkanından məhrum olan əhalisinin 2/3 hissəsi şəbəkəyə qoşula biləcək.

Nizam Nuriyev 





27/09/17    Çap et