– İnformasiya-kommunikasiya texnologiyaları müasir həyatımızın bütün sahələrinə nüfuz edib. Bu, dünyada gedən inkişaf tendensiyasıdır. Azərbaycan da bu prosesin aktiv iştirakçısıdır. İKT sahəsi daim ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.
Çalışırıq ki, bütün istiqamətlərdə müasir tələblərə cavab verən texnologiyalar tətbiq edək. Bütün ölkə ərazisində telekommunikasiya infrastrukturunun yenilənməsi layihəsini həyata keçiririk. Bu layihələr sonuncu nəsil texnologiyalara əsaslanaraq əhaliyə daha keyfiyyətli xidmət göstərməyə hesablanıb.
Bu gün istənilən sahədə İKT uğurla tətbiq olunur. Hazırda ölkəmizdə elektron təhsil, elektron vergi, elektron səhiyyə, elektron kənd təsərrüfatı, elektron gömrük, elektron ticarət və digər istiqamətlər üzrə səmərəli layihələrin icrası davam etdirilir.
– "Elektron hökumət" quruculuğu istiqamətində hansı işlər görülür?
– Az əvvəl sadaladığım bütün xidmətlər "Elektron hökumət" modelində əks olunur.
40-dan artıq dövlət qurumunun xidmətləri "Elektron hökumət" portalında vətəndaşlara təqdim olunur. Portalın mobil tətbiqi vasitəsilə istifadəçilərə rabitə, kommunal, cərimə və s. üzrə bildirişlərin real vaxt rejimində çatdırılması mümkündür. Bu "mobil hökumət" quruculuğu istiqamətində uğurlu başlanğıc hesab oluna bilər.
Elektron xidmətlərə artan tələbat fonunda cari ildə e-imzanın istifadəsi təkmilləşdirilərək "elektron imza" tokenləri yaradılıb. Bu günədək 100 mindən artıq "elektron imza" istifadəyə verilib və yaxın müddətdə hər bir vətəndaşa təqdim ediləcək yeni nəsil şəxsiyyət vəsiqəsi "elektron imza" sertifikatı ilə təmin olunacaq. Bununla da yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək.
Nağdsız ödənişlərin genişləndirilməsi üçün elektron hökumət ödəniş sistemi - "E-gov Pay" tərəfimizdən yaradılmış və əhalinin istifadəsinə verilmişdir.
– Keçən ilin dekabr ayında Regional Data Mərkəzi istifadəyə verildi. Bu layihəni necə səciyyələndirirsiniz?
Data Mərkəz Cənubi Qafqaz regionunda TIER III, ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk belə mərkəzdir. Data Mərkəz nazirliyin nəzdində fəaliyyət göstərən "Azintelecom" şirkəti tərəfindən idarə olunur.
Bulud texnologiyaları üzərində qurulan Data Mərkəzinin infrastruktur əsaslı xidmətləri kiberhücumlara qarşı müdafiə imkanı verir. Regional Data Mərkəzi və onun nəzdində təklif olunan bulud əsaslı infrastruktur xidmətləri öz əlverişli şərtləri ilə ölkəyə xarici valyutanın cəlb olunmasında və Azərbaycanın regionun İT Mərkəzinə çevrilməsində mühüm əhəmiyyətə malikdir.
– Rəhbərlik etdiyiniz qurum startap layihələrinə xüsusi dəstək verir. Sizin fikrinizcə, bu layihələrin beynəlxalq səviyyədə uğur qazanması üçün nə etmək lazımdır ?
– Ölkəmizdə innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara daim diqqət və dəstək göstərilir. Bunun nəticəsidir ki, son illərdə Azərbaycanın startap ekosistemi daha da inkişaf edib və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşıb. Strateji məqsəd kimi İT sahəsində ideyaların biznesə çevrilməsi nəticəsində yeni məhsul və xidmətlərin artması, bu sahənin inkişafı müəyyən olunub. Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində respublikamızın bir çox aparıcı ali məktəblərində innovativ biznes inkubatorları yaradılıb.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi qrant müsabiqələrində 100-dən artıq layihə dövlət tərəfindən maliyyələşdirilib.
Ölkənin İKT sektoruna xarici investorların cəlb edilməsi istiqamətində də işlər davam etdirilir və potensial xarici investorlarla yerli İT şirkətlər arasında əlaqələrin qurulması, layihələrinə yerli özəl investisiyaların cəlb edilməsi məqsədilə "İT investorlar klubu"nun və yerli vençur fondunun yaradılması istiqamətində işlər davam etdirilir.
– Azərbaycanın 3-cü peyki orbitə nə vaxt buraxılacaq və bunun ölkəmiz üçün əhəmiyyəti nədir?
– Qeyd edim ki, "Azerspace-2" sayca 2-ci telekommunikasiya peykimizdir. "Azerspace-2"-nin 2018-ci ildə orbitə çıxarılması ilə bağlı işlər plan üzrə gedir. Bu peyk regionda şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbatı qarşılayaraq yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan "Azerspace-1"-in orbitdəki ehtiyatı olacaq.
"Azerspace-1"-in özü də uğurla fəaliyyət göstərir və dünyanın 22 ölkəsində müştəri bazası var. Peykin tutumunun 75 faizi artıq kommersiyalaşdırılıb.
Kosmik sənayemizin vacib resurslarından biri də Yerin müşahidə peyki olan "Azersky"-dır. Hazırda "Azersky" peyki müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi sahələrdə geniş şəkildə tətbiq olunur.
Sevindirici haldır ki, peyklərimiz tam olaraq yerli mütəxəssislər tərəfindən idarə olunur.
– Növbəti "Bakutel" sərgi-konfransı yaxınlaşır. Bu cür ənənəvi tədbirlərin keçirilməsi sektorun inkişafına necə təsir edir?
– Artıq 23 ildir ki, İKT sahəsində regionun ən mühüm tədbiri hesab olunan "Bakutel" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi keçirilir. Ölkə prezidentinin sərginin açılışında iştirakı bu İKT tədbirinin yüksək nüfuzundan və dövlətin bu sahəyə olan yüksək dəstəyindən xəbər verir.
Sərgidə onlarla ölkə 100-dən çox şirkətlə təmsil olunur. Həmçinin sərgi beynəlxalq əhəmiyyətli forum və konfransların keçirilməsi ilə də əlamətdar olur. Biz bu il də bir sıra mühüm toplantılar təşkil etməyi nəzərdə tuturuq. Sərgi-konfrans çərçivəsində bir çox mühüm qərar qəbul edilir. Bunu birgə əməkdaşlıq və layihələrin həyata keçirilməsi üçün uğurlu platforma hesab etmək olar.
– Azərbaycanın İKT sektorunu araşdırarkən, sosial məqsədli bir layihə diqqətimizi çəkdi. "İctimai internet" layihəsi. Belə bir təşəbbüs necə yarandı?
– Azərbaycanda internetin inkişafı dinamikdir. Əhalinin 80 faizinin internetə çıxışı var. İnsanların internetə marağını nəzərə alaraq, turistlərin və əhalinin daha çox istirahət etdiyi yerləri pulsuz "Wi-Fi"-la təmin edirik.
"İctimai Wi-Fi" layihəsi Dənizkənarı Milli Park daxil olmaqla paytaxtın 15 parkında artıq həyata keçirilib. Planımıza uyğun olaraq ilin sonunadək paytaxtımızda bütün parkların pulsuz "Wi-Fi"-la təmin olunması nəzərdə tutulur.
– Səmimi müsahibə üçün təşəkkür edirik.
– Mən təşəkkür edirəm, gələcək fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.