Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avtomobillər üçün “BMW” simsiz enerjidoldurma qurğusu buraxılacaq


“BMW” şirkəti avtomobillər üçün simsiz enerjidoldurma stansiyasının istehsalına hazırlaşır.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, bu dəfə söhbət smartfonlar üçün birləşdirici stansiyadan (dok-stansiya) getmir. Simsiz enerjidoldurma texnologiyası artıq satışa çıxarılıb və bir neçə ildir mövcuddur, lakin avtomobillər üçün bu funksiya yenilik olacaq.

Məlumata görə, “530e iPerformance” hibrid modeli üçün nəzərdə tutulacaq enerjidoldurma stansiyası 220 voltluq rozetkaya qoşulacaq. Bundan sonra avtomobilə quraşdırılan sensorlar sürücüyə nəqliyyat vasitəsinin batareyasının stansiya ilə təması üçün avtomobili harada saxlamalı olmasını göstərəcək.

Bildirilir ki, “530e iPerformance” modelinin 9,4 kVt/saatlıq batareyası 3,2 kVt gücdə olmaqla təxminın 3,5 saata enerji ilə doldurulur ki, bu da enerjinin kabel vasitəsilə doldurulma səviyyəsinə yaxındır. “BMW North America” şöbəsinin nümayəndəsi “The Verge” portalının jurnalistlərinə bildirib ki, texnologiyanın sınaqları keçirilir və hazırda ABŞ və Kanadanın müvafiq orqanları tərəfindən qiymətləndirilir.

Almaniya istehsalçısı simsiz enerjidoldurma stansiyasını digər ölkələr üçün yalnız “530e iPerformance” modeli üçün olmaqla 2018-ci ilin əvvəlində buraxmağı planlaşdırır. “iPerformance” seriyasının digər modelləri, o cümlədən “330e”, “740e”, “X5” və tam elektrik “i3” və “i8” texnologiyanı bir müddət sonra dəstəkləməyə başlayacaq.

Nizam Nuriyev
 






28/09/17    Çap et