Kiberhücumlar nəticəsində təşkilatlara dəymiş zərərin həcmi 23% artıb
2017-ci ildə kiberhücumlar nəticəsində təşkilatlara dəymiş zərərin həcmi 23% artıb. Belə ki, 2016-cı ildə şirkətlərə orta hesabla 9,5 milyon dollar zərər dəymişdisə, cari il bu göstərici 11,7 milyon dollaradək artıb. Bu haqda “Accenture” və “Ponemon Institute”un araşdırmalarına istinadən “Telecompaper” məlumat verib. Həmçinin bildirilib ki, son 5 ildə kiberhücumlardan dəymiş zərərin həcmi 62% artıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, bu məlumatlar 254 təşkilat üzrə İT və kibertəhlükəsizlik sahəsində çalışan 2 mindən çox əməkdaş arasında keçirilmiş sorğunun nəticələrinə əsaslanır. Toplanılmış məlumatlar əsasında mütəxəssislər müəyyənləşdiriblər ki, şirkətlərə qarşı ildə orta hesabla 130 kiberhücum həyata keçirilir. Bu göstərici 2016-cı illə müqayisədə 27,4% çoxdur. Kiberhücumlar maliyyə və energetika sahəsində işləyən şirkətlərə ciddi zərər vurur. Bu sahələrdə orta illik zərərin həcmi müvafiq olaraq 18,28 və 17,2 milyon dollara yaxınlaşır.
Ölkələr üzrə aparılmış təhlilə əsasən, hakerlər ABŞ şirkətlərinə daha çox zərər vururlar.
Emil Hüseynov