Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada ilk ictimai “5G” şəbəkəsi istifadəyə verilib


“Intel” şirkəti “Ericsson” telekommunikasiya avadanlığı istehsalçısı və “Telia” mobil operatoru ilə birlikdə Avropada ilk ictimai beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) istifadəyə verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, ictimai “5G” şəbəkəsi Tallin dəniz limanında və sərnişinlərin internetə çıxışının təmini üçün kommersiya kruiz gəmisi göyərtəsində işə salınıb. Bundan əlavə, “Telia” operatoru “5G” şəbəkəsinin sənaye məqsədilə sınaqlarına (ekskavatorun tikintinin təhlükəli ərazilərində distansiyalı idarəetməsi) başlayıb.

Məlumata görə, “Telia” sınaq şəbəkəsində “Ericsson” şirkətinin “5G” baza stansiyası və “Intel 5G Mobile Trial Platform” platformasından istifadə olunub. Əməkdaşlıq çərçivəsində “Telia”, “Ericsson” və “Intel” 2018-ci ildə “5G” şəbəkəsinin Tallin və Stokholmda istifadəyə verilməsini planlaşdırır.

“Ericsson” şirkətinin proqnozlarına görə, 2026-cı ilədək operatorların beşinci nəsil rabitə şəbəkələrində xidmətlərin göstərilməsindən gəlirləri 582 milyard dollara bərabər olacaq ki, bu da mobil rabitə operatorlarının mədaxilinə 34 faiz əlavə olacaq.

İsveçin “Ericsson” şirkətinin Avropa və Cənubi Amerika ölkələrində nümayəndəliyinin rəhbəri Arun Bansal hesab edir ki, bu potensialın həyata keçirilməsi üçün “5G” texnologiyasına, eləcə də məhsulların bazara çıxarılması üzrə biznes və modelin inkişafına investisiyaların yatırılmasına ehtiyac duyulur.

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Nizam Nuriyev
 






02/10/17    Çap et