Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kanadada “Samsung” süni intellekt laboratoriyası açılıb


“Samsung” şirkəti Kanadada süni intellektin tədqiqatı üzrə laboratoriya açıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, Cənubi Koreya istehsalçısının Monreal Universiteti nəzdində istifadəyə verilən laboratoriyası təhsil müəssisəsinin müəllimlərinin tələbələrlə birlikdə süni intellektin tədqiqi məsələlərində fəal iştirakını nəzərdə tutur. “Samsung” şirkəti ilə uzun müddət əməkdaşlıq edən professor Yoşua Benqio məhz bu ali məktəbdə çalışır. Laboratoriyanın məqsədi sürücüsüz avtomobillər, obrazların tanınması, mətn və səsin tərcüməsi və robot texnikasının inkişafı daxil olmaqla bir neçə istiqamətdə tədqiqatlar aparmaqdan ibarətdir.  

Geniş gələcək planlarına malik “Samsung” rəhbərliyi laboratoriyanın yaxın vaxtlarda ilk bəhrəsini verəcəyinə ümid edir.

Qeyd edək ki, Kanada son vaxtlar dünyanın süni intellekt sahəsində tədqiqatlar mərkəzinə çevrilib. Ölkə hökuməti süni intellekt texnologiyalarının hazırlanmasına ildə 125 milyon dollar investisiya yatırır. Bir müddət əvvəl “Google” korporasiyası Edmonton şəhərində “DeepMind” laboratoriyasını, “Apple” şirkəti isə Ottavada avtonom avtomobillər sahəsində tədqiqatlar mərkəzini istifadəyə verib. Bundan başqa, ölkədə “Facebook” və “Microsoft” şirkətlərinin ofisləri yerləşir.

Nizam Nuriyev 





02/10/17    Çap et