Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İki sürücü yerinə malik “Toyota” robot avtomobili təqdim olunub
“Toyota” şirkəti iki sürücü yeri ilə təchiz edilən robot avtomobil təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, eksperimental nümunə “Toyota Research Institute” (TRI) mühəndisləri tərəfindən “Sensor System 2.0” ötürücüləri əsasında hazırlanıb.
Məlumata görə, “Platform 2.1” adlanan yeni sistem “Lexus” minik avtomobili bazasında yaradılıb. Süni intellektə malik kənar ötürücü və kameraların yerləşdiyi avtomobil damına xüsusi “Luminar LIDAR” ətraf lazer skaneri əlavə edilib. Lazer yüksək təsir məsafəsinə və geniş əhatə dairəsinə malikdir. Yeni elementin fərqləndirici cəhəti ondan ibarətdir ki, o, əhatə dairəsini daraltma və təsvir ölçüsünü artırma rejimini dəstəkləyir. Beləliklə, “Luminar LIDAR” yalnız maraq doğuran sahəni daha effektiv skan etməklə idarəetmənin etibarlığını artıracaq.
İki sürücü yerinin olmasına gəldikdə, hər iki sürücü yeri həm ayrıca, həm də bir-birini təkrarlayan rejimdə işləyə bilir. “TRI” mühəndislərinin sözlərinə görə, belə yanaşma idarəetmənin robotdan insana və əksinə ötürülməsi üzrə daha optimal strategiyaların hazırlanmasını təmin edəcək ki, bu da yolda insanın müdaxiləsini zəruri edən fövqəladə vəziyyətlərin yaranması zamanı faydalı olacaq. Bundan başqa, yeni sistem kompüter təlimi alqoritmləri əsasında yaradılacaq və böyük təcrübəyə malik sürücülərdən “öyrənməklə” bu bilikləri yeni sürücülərə ötürəcək.
Bundan əlavə, “Platform 2.1” sistemi sürücünün hərəkətlərini izləməklə yolda vəziyyət təhlükəli olan zaman avtomobilin hərəkətinə düzəlişlər edən və yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün tədbirlər görən “Guardian” funksiyası ilə təchiz olunub. Həmçinin “Guardian” sürücünün vəziyyətini izləməklə onun sürmə üslubunu və emosional vəziyyətini müşahidə edir. İnsan yuxuya getməyə yaxın və ya sərxoş vəziyyətdə olan zaman sistem onun üçün idarəetməni qapadacaq.