Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Multi-SIM” həlli eyni abunəçi nömrəsini müxtəlif qurğularda istifadə edəcək


“Ericsson” şirkəti eyni abunəçi nömrəsini bir-biri ilə əlaqəsi olmayan bir neçə qurğuda istifadə etməyə imkan verəcək yeni “Multi-SIM” həllini nümayiş etdirib. Bu, ilk növbədə “ağıllı” saatlar və bir sıra hallarda smartfondan ayrı istifadə edilən digər portativ qurğular üçün lazımdır. Bundan başqa, yeni həll məsələn, “ağıllı” avtomobil, eləcə də telefonu əvəzləyən uşaqlar və ahıl insanlar üçün nəzərdə tutulan müxtəlif qurğularda tətbiq oluna bilər.  

“ICTnews” Elektron Xəbər Xidməti “TelecomDaily” resursuna istinadən yazır ki, üçüncü nəsil “Apple Watch” “ağıllı” saatının buraxılması ilə texnologiyaya marağın artacağı gözlənilir. Belə ki, istehsalçı təqdimat zamanı rabitəyə ehtiyac olduğu halda smartfonun əlçatan olmamasını əks etdirən istifadə ssenarilərini nümayiş etdirib; bu, ilk növbədə müxtəlif idman aktivliyini nəzərdə tutur.

Məlumata görə, zəngin bir qurğudan digərinə simsiz yönəldilməsi imkanı da mövcuddur ki, bu da, məsələn, qurğulardan birinin batareyasının enerjisinin bitməsi halında faydalı ola bilər: bu zaman smartfonunun batareyasının enerjisi tükənən abunəçi rabitədən istifadə imkanından məhrum olmayacaq.

Bildirilir ki, həldən “VoLTE” texnologiyasını dəstəkləyən “LTE” şəbəkələrində istifadə olunmaqla qurğuda adi SİM kartın quraşdırılması və ya elektron SİM kartdan (eSIM) istifadə olunması əhəmiyyət daşımayacaq: hər bir abunəçinin fərdi abunəçi nömrəsinə (IMSI) malik olduğu şəbəkə üçün bu fərq eləmir. Lakin xatırladaq ki, “VoLTE” texnologiyasında kommutasiya kanalları deyil, kommutasiya paketləri mövcuddur ki, bu da zəngləri asanlıqla konkret qurğulara yönəltməyə imkan verir. Oxşar prinsiplə, məsələn, “Wi-Fi Calling” texnologiyası işləyir.

“Multi-SIM” funksionallığının işə salınması üçün operator şəbəkəsində “Ericsson” şirkətinin quraşdırılmış “IMS” həllinə malik olmalı, eləcə də “Ericsson Call Session Control Function” və “Ericsson Multimedia Telephony Application Server” əlavə proqram modullarını qurmalıdır.

Hazırda zənglər üçün “Multi-SIM” həlli “VoLTE” texnologiyasını dəstəkləyən 10-dan çox operatorun şəbəkəsində qurulur.

“Ericsson” şirkətinin kommunikasiya xidmətlərinin idarə edilməsi üzrə bölməsinin rəhbəri Monika Zetzon bildirib ki, biz “VoLTE” texnologiyası əsasında işləyən yeni faydalı xidmətlər yaratmaqda davam edirik. “Multi-SIM” həlli operatorlara hər yerdə abunəçinin mövcud telefon nömrəsindən istifadə etməklə müxtəlif qurğularda keyfiyyətli səsin ötürülməsi xidmətləri göstərməyə imkan verir”, - bölmə rəhbəri qeyd edib.

Lakin qeyd edək ki, bir sıra ölkələrdə eyni anda bir neçə qurğunun abunəçi nömrəsindən istifadəyə icazənin verilməsi məqsədilə qanunvericiliyə düzəlişlər tələb olunur.

Nizam Nuriyev 





03/10/17    Çap et