Ən çox satılan smartfonlar məlum olub
“IHS Markit” tədqiqat şirkəti cari ilin birinci yarısında tələbatın yüksək olduğu smartfonların reytinqini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
Life” resursuna istinadən yazır ki, gözlənildiyi kimi, “iPhone 7” ən populyar qurğu seçilib, reytinqdə ikinci yeri isə “iPhone 7 Plus” tutub. Beləliklə, “Apple” smartfonları növbəti dəfə dünyada ən çox satılan qurğular statusunu özündə saxlayıb.
Reytinqə görə, liderlər üçlüyünü “Samsung Galaxy Grand Prime Plus” smartfonu tamamlayıb, “iPhone 6s” və “Galaxy S8” müvafiq olaraq dördüncü və beşinci yerdə qərarlaşıb. Altıncı pillədə satışlarına görə “Galaxy S8” modelindən cüzi fərqlə geri qalan “Galaxy S8+” smartfonu yer alıb.
İlk onluğa ümumilikdə beş “Samsung”, dörd “Apple” və Çinin “Oppo” şirkətinin bir qurğusu daxil olub. Analitiklər qeyd edir ki, iki aparıcı istehsalçısının qabaqcıl qurğuları dünyada ən çox satılan aparatlar olaraq qalsa da, yeni modellərin tədarük həcmi əvvəlki nəsil qurğularla müqayisədə xeyli aşağı düşüb.
Bundan başqa, tədqiqatçılar tərəfindən kompakt “iPhone” versiyalarına tələbatın azalması qeydə alınıb. Hesabatda deyilir ki, 2015-ci ilin birinci yarısında 4,7 düym ekranlı “Apple” smartfonlarının payı 10 faiz təşkil edib, 2016-2017-ci illərdə isə müvafiq olaraq 7 və 5 faizədək azalıb.
Nizam Nuriyev