Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda təmiz texnologiyalar üzrə beynəlxalq bazarın iştirakçıları bir araya gələcək


Azərbaycanda ilk dəfə olaraq, 2-4 noyabr tarixlərində "Bakı Ekspo" sərgi mərkəzində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və fəal iştirakı ilə ətraf mühitin mühafizəsinə həsr olunmuş "Xəzər: ətraf mühit üçün texnologiyalar" ("CTE-2011") beynəlxalq sərgisi keçiriləcək. Bu barədə "İteca Caspian" şirkətindən məlumat verilib.

"Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən rasional istifadə sahəsində innovasiyalı təkmilləşdirmələri kompleks şəkildə təqdim edəcək bu sərgi ekologiya və ətraf mühitin mühafizəsi üzrə Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən böyük tədbirdir", - məlumatda deyilir.

Sərginin təşkilatçılığı Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkətinə həvalə olunub.

Sərgi və konfransın keçirilməsinin məqsədi ölkədə ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə dövlət proqramının həyata keçirilməsinə dəstək göstərmək, təbii sərvətlərin qorunub saxlanmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə kömək edəcək innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir.

Hazırda Azərbaycan ətraf mühitin mühafizəsi üzrə ölkə üçün aktual olan bütün beynəlxalq konvensiyalara qoşulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində xüsusi İctimai Ekoloji Şura yaradılıb.

Ölkə rəhbərliyinin ekologiya ilə bağlı məsələlərə daim diqqət yetirməsi və 2010-cu ilin ölkədə "Ekologiya ili" elan edilməsi ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə güclü təkan verdi. Belə ki, bu sahədə uğurla həyata keçirilmiş irimiqyaslı layihələr indi də davam etdirilir.

Bu mövzunun aktuallığı və qabaqcıl dünya təcrübəsindən yararlanaraq onu tullantıların emalı və təkrar istifadəsi, su təmizləmə və alternativ enerji sahəsində mümkün qədər geniş tətbiq etmək zərurəti "CTE" sərgisinin keçirilməsi üçün zəmin yaradıb.

"СТE-2011" beynəlxalq sərgisi ekoloji təmiz texnologiyalar bazarının Azərbaycan və dünya üzrə aparıcı iştirakçılarını, alimləri, dövlət orqanlarının nümayəndələrini, habelə ekologiya, utilizasiya və təmizləmə sahəsində məhsul və xidmətlər təklif edən şirkətləri bir yerə toplayacaq. Sərgi çərçivəsində təbii sərvətlərdən və bərpa olunan külək, su və torpaq enerjisindən səmərəli istifadə sahəsində ən son təkmilləşdirmələr təqdim ediləcək və ən müasir alternativ energetika avadanlıqlarının nümunələri nümayiş etdiriləcək, sərgidə milyonlarla insanın diqqəti ətraf mühitin mühafizəsi ilə bağlı problemlərə və onların həlli yollarına yönəldiləcək.

Sərgi iştirakçıları arasında Azərbaycan, İsrail, Fransa, Moldova, ABŞ, Türkiyə, Çexiya və digər ölkələrdən şirkətlər var. Almaniya və Latviya bu layihədə milli qrup şəklində iştirak edəcəklər.

Sərgidə Moldova milli stendinin də iştirakı gözlənilir. Həmçinin, təbii sərvətlər və alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə və suların təmizlənməsi üzrə aparıcı ekologiya şirkətlərinin təklif və layihələri sərgi ziyarətçilərinin diqqətinə çatdırılacaq.

Misal üçün, ARDNŞ və BP Azərbaycanda neft və qaz yataqlarının çoxillik istismarının nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra irimiqyaslı ekoloji layihələr həyata keçirirlər.

Belə ki, əvvəllər neftin açıq üsulla hasil edilməsi aşağı səviyyəli texnologiyaların torpaqları çirkləndirməsi ilə nəticələnib. Hazırda bu şirkətlər karbohidrogenlərin hasilatı və emalı nəticəsində ekologiyaya vurulan ziyanı azaltmağa çalışırlar.

Təmizləmə qurğularının quraşdırılmasına, neft və qaz hasilatı idarələrinin istismar etdikləri mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və yaşıllaşdırılmasına böyük həcmdə vəsaitlər ayrılır, ekoloji layihələr həyata keçirilir.

Sərgidə ARDNŞ tərəfindən Bakının Xəzər rayonu ərazisində yaradılmış ekoloji parkın təqdimatı da keçiriləcək. Bu parkın elektrik enerjisinə olan tələbatının ən azı 50 faizi alternativ enerji mənbələri hesabına təmin olunur.

Məsələn, park ərazisində hər biri saatda 10 kilovat enerji hasil edən dörd külək generatoru, habelə ümumilikdə 20 kilovat-saat qüvvəyə malik günəş batareyaları quraşdırılıb. Eyni zamanda, sərgi çərçivəsində Samur-Yalama milli parkının təqdimatını da keçirmək planlaşdırılır.

Beləliklə, "CTE-2011" sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunan nailiyyətləri nümayiş etdirməklə yanaşı, ekoloji məsələlər xüsusunda regional və beynəlxalq ictimai təşkilatlar və hökumət qurumları ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, habelə enerjiyə qənaət və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına kömək edəcək.




13/10/11    Çap et