İlk ərəb peyki gələn il buraxıla bilər
Birləşmiş Ərəb Əmirlikləri ölkə istehsalı olan Yerin ilk süni peykini 2018-ci ilin yayında buraxmağı nəzərdə tutur. Bu barədə BƏƏ Kosmik Agentliyinin baş direktoru Məhəmməd Nasir əl-Əhbəbi bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “
RİA Novosti” resursuna istinadən yazır ki, onun sözlərinə görə, BƏƏ növbəti ildə bütünlüklə ölkənin yerli mühəndisləri tərəfindən hazırlanan “Khalifa-Sat” foto çəkilişlər peykini buraxmağı planlaşdırır.
O qeyd edib ki, peyklərin istehsalı üçün BƏƏ digər ölkələr, o cümlədən yerli mühəndislərin beşillik müddətə təlimə göndərildiyi Cənubi Koreya ilə əməkdaşlığa başlayıb. Əmirliyin ilk peyki Koreyada, ikincisi - “DubaiSat” qismən BƏƏ-də ərsəyə gətirilib.
Agentlik direktorunun sözlərinə görə, ölkənin Cənubi Amerikanı da əhatə edəcək növbəti “Yahsat” telekommunikasiya peykinin 2018-ci ilin yayında buraxılması gözlənilir. Bundan əlavə, altı peykin üç il ərzində yaradılması nəzərdə tutulur.
Nizam Nuriyev