“Elektron hökumət” portalında elektron arayışların sayı artdı
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"ya əsasən dövlət xidmətlərinin çevikliyinin və səmərəliliyin artırılması, əlverişli biznes mühitinin inkişafı üçün elektron hökumət xidmətlərinin müasir texnologiyaların tətbiqi ilə genişləndirilməsi davam etdirilir.
Bu məqsədlə daha bir xidmət "Elektron hökumət" portalına inteqrasiya edildi.
Artıq "Elektron hökumət" portalının istifadəçiləri "Azərsu" ASC-nin "Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi" haqqında arayış adlı elektron xidmətindən yararlana bilərlər.
Xidmətdən istifadə etmək üçün www.e-gov.az portalından "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi elektron xidmətlərin siyahısından və ya elektron arayışlar bölməsindən "
Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi" xidmətini seçmək lazımdır. İstifadəçi açılan səhifəyə 13 rəqəmli abonent kodunu daxil edib bazada mövcud olduğu təqdirdə isə istifadəçi şəxsi məlumatları ilə yanaşı sayğacının tipi, son 12 ay üzrə faktura sərfiyyatı, son 12 ay üzrə faktura məbləği, son 12 ay üzrə ödənilmiş məbləğ barədə informasiyanı arayış formasında əldə edə bilir.
Qeyd edək ki, bununla da "Azərsu" ASC-nin "Elektron hökumət" portalında təqdim etdiyi elektron xidmətlərin sayı 11-ə çatıb. Hazırda portal üzərindən ümumilikdə 18 elektron arayış təqdim olunur.