“USB” interfeysinin sürəti 2 dəfə artırılacaq
“USB 3.0” standartının spesifikasiyalarının hazırlanmasına nəzarəti həyata keçirən “USB 3.0 Promoter Group” təşkilatı eyniadlı interfeysin spesifikasiyalarının yenilənməsini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
Computerworld” resursuna istinadən yazır ki, təşkilatın işçi qrupu tərəfindən 3.2 versiyasının spesifikasiyalarının ilkin variantı hazırlanıb. “USB 3.2” versiyasının başlıca xüsusiyyəti interfeysin əvvəlki “USB 3.1” standartı ilə müqayisədə buraxılış qabiliyyətinin iki dəfə artırılması olacaq. Belə ki, məlumatların ötürülməsi üzrə maksimal nəzəri sürətin 20 Qbit/saniyəyə bərabər olacağı gözlənilir.
Məlumata görə, hələlik yalnız “USB Type-C” kabelləri ilə uyğunluq təşkil edəcək “USB 3.2” standartı adi “Type-A” və “Type-B” kabellərinə uyğun gəlməyəcək. Bununla yanaşı, “USB 3.1 Gen 2” standartını 10 Qbit/saniyə ilə dəstəkləyən mövcud kabellər “USB 3.2” üçün uyğunluq təşkil edəcək. Həmçinin, “USB 3.2” standartının qurğular - kompüterlər, smartfonlar və s. tərəfindən dəstəklənməsi tələb olunur. Hazırda isə belə qurğular mövcud deyil və onların 2019-cu ildən tez yaradılması gözlənilmir.
Bildirilir ki, əvvəllər USB konsentratorları və qurğular bir məlumat ötürmə xətti həlləri kimi hazırlanıb. Lakin “USB Type-C” kabelləri artıq buraxılış qabiliyyətinin genişləndirilməsi imkanını təmin etmək üçün bir neçə xəttin dəstəklənməsini nəzərdə tutur. “USB 3.2” spesifikasiyası əsasında yeni konsentratorlar və qurğular bundan sonra bir neçə xətti dəstəkləyən həllər kimi hazırlana biləcək.
Nizam Nuriyev