Çin 2019-cu ildə displey istehsalı üzrə dünyada birinci yerə çıxacaq
Maye-kristal ekranların (LCD) istehsalı zavodlarının genişləndirilməsinə aktiv şəkildə vəsaitlər yatıran Çin şirkətlərinin 2019-cu ilədək ölkəni displeylərin buraxılışı üzrə iri istehsal bazasına çevirəcəyi gözlənilir. Çinin sənaye assosiasiyalarının nümayəndələri belə düşünür.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, Çində televizor, smartfon, kompüter və digər elektronika üçün ekranların istehsalı üzrə planlaşdırılan və ya tikilməkdə olan zavodlara yatırılan investisiyaların ümumi məbləği 800 milyard yuana (120 milyard dollar) çatıb. “Xinhua” informasiya agentliyinin Çin Video Sənayesi Assosiasiyasının (China Video Industry Association və ya CVIA) və Optika və Optik Elektronika Məhsulu Assosiasiyasının məlumatlarına istinadən bildirib ki, təkcə maye-kristal məhsulunun istehsalına 500 milyard yuandan çox vəsait yatırılıb.
Ekspertlərin proqnozlarına görə, iki ildən sonra Çin displey sahəsinin hazırkı dünya lideri Cənubi Koreyanı geridə qoyacaq.
Həmçinin bildirilir ki, 2017-ci ilin birinci yarısında Çində buraxılan ekran məhsulunun ümumi sahəsi 57 milyon kvadratmetr təşkil edib. Bu isə qlobal həcmin üçdə bir hissəsi və böyüklüyünə görə Koreya istehsalçılarından sonra ikinci nəticə deməkdir.
Mütəxəssislər əmindir ki, yeni zavodların istismara verilməsi ilə Çində displey istehsalı artmaqda davam edəcək.
Bir müddət əvvəl məlum olub ki, Çinin “BOE” şirkəti iriölçülü maye-kristal ekranların tədarükünə görə “LG Display” istehsalçısını üstələyib. “IHS Markit” analitik şirkətinin məlumatına görə, avqustda “BOE” 9 düym və daha böyük diaqonallı 13,32 milyon maye-kristal panel tədarük etdiyi halda rəqib Cənubi Koreya korporasiyası 11,6 milyon bu məhsuldan istehsal edib.
Nizam Nuriyev