Dünyada ən çox satılan smartfonlar açıqlanıb
“iPhone 7” 2017-ci ilin ilk yarısı üçün dünyada ən çox satılan smartfonlar siyahısında birinci yeri, böyüdülmüş “iPhone 7 Plus” modeli isə ikinci yeri tutub. Buna baxmayaraq “iPhone 7 Plus” modeli 2016-cı ilin birinci yarısında satışa çıxarılan “iPhone 6s” və “iPhone 6s Plus” smartfonları ilə müqayisədə az tədarük edilib. Bu barədə “IHS Markit” tədqiqat şirkətinin hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Vesti” resursuna istinadən yazır ki, “Apple” şirkəti əvvəllər də ilk yerlərə layiq görülüb. Belə ki, “iPhone 6” və “iPhone 6s” modelləri 2015-2016-cı illərin ilk yarısında müvafiq olaraq ən çox satılan smartfonlar seçilib. Lakin hazırda onların bazar payı azalmaqda (bu il əvvəlcə 10 faizdən 7 faizədək, daha sonra 5 faizədək) davam edir.
Hesabata görə, liderlər üçlüyünü “Samsung” şirkətinin aşağı 540х960 piksel təsvir ölçülü 5 düym diaqonallı ekranla təchiz edilən ilkin səviyyəli ucuz “Galaxy Grand Prime Plus” modeli tamamlayıb. Dördüncü yerdə 2015-ci il buraxılışlı “iPhone 6s”, beşincidə “Samsung Galaxy S8” qərarlaşıb.
Altıncı pillədə “Samsung Galaxy S8+” smartfonu yer alıb. Cənubi Koreya şirkəti “Galaxy S7 edge” modelinin dördüncü yeri tutduğu ötən ildən pis nəticə nümayiş etdirib. “IHS” nümayəndələri bunu yeni qurğuların gec buraxılması ilə izah ediblər: “Galaxy S8” və “Galaxy S8+” apreldə - adəti üzrə əvvəllər olduğundan bir ay gec satışa çıxarılıb.
Nizam Nuriyev