“Skype” xidmətində süni intellekt elementləri tətbiq edilib
“Microsoft” şirkəti “Skype” xidmətinə “Cortana” səs köməkçisini inteqrasiya edib. Beləliklə, messencer artıq süni intellekt elementlərini dəstəkləyir.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, “Cortana” səs köməkçisi “Skype” istifadəçilərinə öz vaxtlarını planlaşdırmağa və danışığı dəstəkləməyə kömək edəcək, həmçinin daxil olan mesajları təhlil edərək cavab variantları təklif edir.
Bundan başqa, “Cortana” təqvimdə həmsöhbətlər tərəfindən nəzərdə tutulmuş görüş haqda xatırlatma yaratmağa kömək edəcək.
Həmçinin istifadəçilər birbaşa “Skype” xidmətində internetdə səsli sorğular vasitəsilə axtarış edə bilərlər.
“iOS” və “Android” mobil sistemləri üçün “Cortana” səs köməkçisinə malik “Skype” proqramı “App Store” və “Google Play” mağazalarında pulsuz yükləmə üçün əlçatandır.
“Skype” proqramı daxilində bu xidmətin imkanlarından hələ ki yalnız ABŞ sakinləri istifadə edə bilərlər.
Emil Hüseynov