Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dubay aeroportunda uçan sərnişinlərin sifətinin tanınması sistemi tətbiq ediləcək


Dubay Beynəlxalq aeroportu "Emirates" aviaşirkəti ilə əməkdaşlıq çərçivəsində uçan sərnişinlərin sifətinin tanınması sistemini tətbiq etməyi planlaşdırır.

Sərnişinlər bir növ akvariumu xatırladan dəhlizin içərisindən keçməli olacaqlar. Dəhlizin daxilində sifətin tanınması və gözün qüzehi qişasının skan edilməsi üçün təxminən 80 kamera quraşdırılacaq, divarlara proyeksiya edilmiş peyzajlar isə insanların başlarını döndərməsinə stimul verəcək ki, bu da tanıma dəqiqliyini artıracaq.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, prosedurdan uğurlu keçən sərnişinə yaxşı yol arzulanacaq. Əks təqdirdə aeroport təhlükəsizlik xidmətinin əməkdaşlarını çağıran qırmızı siqnal çalınacaq.

Plana uyğun olaraq 2018-ci ilin sonunadək aeroportun terminallarından biri yeni nəzarət sistemi ilə təchiz ediləcək və 2020-ci ilədək yeni sistem bütün terminallarda tətbiq ediləcək. İstehsalçılar belə hesab edirlər ki, yeni nəzarət sistemi Dubay aeroportunda artmaqda olan sərnişin axını problemini həll edəcək.

Emil Hüseynov





11/10/17    Çap et