Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kvant hesablamalar sahəsində böyük irəliləyişə nail olunub
“Intel” şirkəti kvant hesablamalarının reallaşdırılmasına böyük töhfə verərək materialşünaslıq və istehsal prosesləri üzrə qabaqcıl üsulların tətbiqi ilə hazırlanan yüksək ötürücülüyə malik çip təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, kvant hesablamalarının əsasını təşkil edən kubitlər çox incədir. Yalnız aşağı temperaturda işləyə bilən kubitlərin məlumat itkisinin qarşısının alınması üçün keyfiyyətli qablaşdırılması tələb olunur.
Bildirilir ki, “Intel” tədqiqatçıları yüksək temperaturlarda işləyə və hər kubit arasında radiomaneələri azalda bilən arxitekturaya malik 17 kubitlik çip yaradıblar. Yeni “Intel” mikrosxemi siqnalları nəticələri göstərən analoji çiplərlə müqayisədə 10-100 dəfə çox göndərə və qəbul edə bilir. Komponent, həmçinin onu daha böyük kvant inteqral sxemlərlə tətbiq etməyə imkan verən təkmilləşdirilmiş konstruksiyaya malikdir.
“Intel Labs” mütəxəssisi doktor Maykl Meyberri bildirib ki, bizim apardığımız kvant tədqiqatları o qədər inkişaf edib ki, tərəfdaşımız “QuTech” iş yüklərini kvant alqoritm əsasında qurur, “Intel” isə daim kubitlərin qabaqcıl istehsal obyektlərində sınağı üçün yeni mikrosxemlər hazırlayır. “Intel”in hesablama elektronikası və arxitekturasının hazırlanması təcrübəsi bizi fərqləndirir və yeni hesablama paradiqmalarında, o cümlədən neyromorf və kvant hesablamalarında iştirak zamanı bu, öz töhfəsini verəcək”, - o bildirib.
Yeni çip Niderlandda “Intel”ə kvant hesablamalar sahəsində tədqiqatların aparılmasında kömək edən “QuTech” şirkətinə tədarük edilib.
Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.
Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.
Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.