“Android” sistemli qurğular üçün videozənglər sadələşdirilib
“Google” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün videozənglərin edilməsini sadələşdirəcək proqram yenilənmələri həyata keçirməyə başlayıb. Söhbət faktiki olaraq “Google Duo” videoçatının “Telefon”, “Kontaktlar” və “Bildirişlər” əlavələri ilə daha sıx inteqrasiyasından gedir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Ferra” resursuna istinadən yazır ki, hazırda yenilənmə “Pixel” və “Pixel 2” smartfonları, eləcə də “Android One” və “Nexus” istehsal xəttindən olan smartfonlar üçün yayılır.
Şirkət, həmçinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə operator və istehsalçılarla birgə fəaliyyət göstərir. İnteqrasiya nəticəsində videozəng funksiyası “Google Duo” proqramından istifadə edən kontaktlar üçün “Telefon”, “Kontaktlar” və “Bildirişlər” əlavələrində görünəcək. Funksiyanın işə salınması üçün həm zəng edən, həm də zəngi qəbul edən istifadəçidən “Google Duo” əlavəsinin quraşdırılması tələb olunur.
Bundan əlavə, “Google” videozənglər üçün “ViLTE” (Video over LTE) standartını dəstəkləməyə başlayıb. Şəbəkə operatoru standartı dəstəkləyəcəyi təqdirdə zəng üçün ondan istifadə ediləcək.
Nizam Nuriyev