“Windows 10” əməliyyat sistemi istifadəçiləri izləyir?!
Daha bir Avropa dövləti "Microsoft" şirkəti tərəfindən "Windows 10 Home" və "Pro" sistemlərinin idarəetməsi altında işləyən kompüterlərdən toplanılan böyük həcmli məlumatlardan narahatdırlar. Niderland Məlumatların Mühafizəsi İdarəsindən (Autoriteit Persoonsgegevens, PA) bildirilib ki, istifadəçilərin fərdi informasiyasını emal edən ABŞ şirkəti Niderland qanunvericiliyini pozur. "Microsoft" şirkəti öz siyasətini dəyişdirməsə, ona sanksiya tətbiq ediləcək.
"ICTnews" Elektron Xəbər Xidməti "
securitylab.ru" saytına istinadən yazır ki, Niderland Məlumatların Mühafizəsi İdarəsi "Windows 10" sistemi tərəfindən telemetrik məlumatların toplanması və ötürülməsindən narahatdır. Sözügedən şirkətin serverlərinə göndərilən informasiyanın növü və məqsədi anlaşılmazdır. Niderland hakimiyyəti bu sualın izahını tələb edir.
"Microsoft hansı məlumatlardan və nə məqsədlə istifadə etdiyi barədə istifadəçiləri lazımi şəkildə məlumatlandırmır. Bundan başqa, proqram nəhəngi tərəfindən seçilmiş taktika fərdi məlumatların emalına razılıq verməyə imkan vermir" – bəyanatda deyilir.
Emil Hüseynov