40 terabaytlıq “Western Digital” sərt diskləri buraxılacaq
"Western Digital" şirkəti "Innovating to Fuel the Next Decade of Big Data" tədbiri çərçivəsində 40 terabayt tutumlu 3,5 düym diaqonallı sərt disklər yaratmağa imkan verən yeni maqnit yazma texnologiyasını təqdim edib. Belə toplayıcılara zərurət isə informasiya həcminin artması ilə əlaqədardır. Məsələn, "ağıllı" şəhər sistemləri çoxsaylı kameralardan və digər ötürücülərdən məlumatların toplanılmasını nəzərdə tutur. Bunun üçün çoxlu yer tələb olunduğundan istehsalçılar toplayıcıların tutumunun artırılması üzrə üsulların axtarışı ilə məşğuldurlar.
"ICTnews" Elektron Xəbər Xidməti "
4PDA" resursuna istinadən yazır ki, perpendikulyar maqnit yazma texnologiyası artıq nəzəri səviyyəsinə yaxınlaşıb. Şirkətin ən güclü sərt diski 14 terabayt tutuma malikdir ki, onun da əsasını 1 kvadrat düym üçün 1 034 giqabit sıxlıqlı plastinlər təşkil edir. Bu nəticəyə zolaqların qismən bağlanılaraq yazılması sayəsində nail olunub. Sıxlığın gələcək artımı "HAMR/TAMR" (Heat və ya Thermal Assisted Magnetic Recording) yaxud "MAMR" (Microwave Assisted Magnetic Recording) texnologiyaları hesabına mümkündür. Birinci halda məlumatların yazılması maqnit başlığı altındakı yerin mikrodalğalı və ya lazer qızdırıcısı ilə təxminən 450°C temperaturadək qısamüddətli qızdırılması ilə baş verir. "MAMR" texnologiyasının əsasını məlumatların elektron spini maqnit plastin qatına köçürülərək zəif maqnit sahəsi ilə yazılması təşkil edir.
"HAMR/TAMR" texnologiyasının tədqiqindən məlum olub ki, bu metod bir sıra çatışmazlıqlara, o cümlədən komponentlərin temperaturun yüksək olmasına görə tez sıradan çıxması ilə bağlı problemlərə malikdir. Məhz bu səbəbdən "Western Digital" daha perspektivli və etibarlı "MAMR" texnologiyasına keçmək qərarına gəlib. Texnologiya ilə yaradılan ilk "HDD" toplayıcılarının 2019-cu ildə buraxılacağı gözlənilir. Şirkət nümayəndələri bildirib ki, "MAMR" toplayıcılarının buraxılışı üçün mövcud istehsal xətlərindən istifadə mümkündür.
"MAMR" texnologiyasının tətbiqi ilə məlumatların yazılmasının 1 kvadrat düym üçün sıxlığı 4 terabitədək artıracağı proqnozlaşdırılır. "Western Digital" 40 terabaytlıq sərt diskləri 2025-ci ilədək təqdim etməyi planlaşdırır.
Nizam Nuriyev