Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfondan ən çox hansı ölkənin sakinləri istifadə edir?


“Counterpoint” tədqiqat şirkəti dünya əhalisinin smartfondan istifadə müddətinin öyrənildiyi hesabatın nəticələrini dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, tədqiqatın nəticələrinə görə, istifadəçilərin yarısı smartfondan gündə 5 saatdan, 26 faizi 7 saatdan çox istifadə edir. Hər il dünya istehlakçıları yeni qurğulara 370 milyard dollardan çox vəsait xərcləyir.

Bundan başqa, “Counterpoint” ölkələr üzrə ətraflı məlumat dərc edib. Məlum olub ki, inkişaf etməkdə olan ölkələrin sakinləri smartfondan inkişaf etmiş ölkələrin əhalisi ilə müqayisədə daha çox istifadə edir. Buna orta hesabla Malayziyada daha çox vaxt (istifadəçilərin 55 faizi - 5 saatdan çox) sərf olunur. Yaponiyada isə bu göstərici ən aşağıdır. Belə ki, Gündoğar ölkənin əhalisinin 43 faizi smartfondan istifadəyə 3 saatdan az vaxt sərf edir.

Hesabata görə, rəyi soruşulanların 64 faizi smartfondan istifadə zamanı ən populyar səhifələrə baxışı hesab edir. Populyarlığına görə sonrakı yerlərdə mobil oyunlar (62 faiz), zənglər (56 faiz) və bildirişlərin göndərilməsi (54 faiz) qərarlaşıb; burada söhbətin “SMS”, “iMessage” və s. kimi servislərdən getdiyi ehtimal edilir.

Ümumilikdə dünyada istifadəçilər smartfonları 21 ayda bir dəfə dəyişir. Meksikada isə bu göstərici 18 aya bərabərdir. Maraqlıdır ki, Yaponiya bu siyahıda da sonuncu yerdə qərarlaşıb: yerli istifadəçilər smartfonları 26 ayda bir dəfə yeniləyir.

Tədqiqatda, həmçinin qiyməti 400 dollardan baha olan smartfona görə nə qədər istifadəçinin pul ödəməyə hazır olmasının təhlili aparılıb. Bu göstərici üzrə liderlər sırasına Səudiyyə Ərəbistanı və Çin (istifadəçilərin 53 faizi), eləcə də Avstraliya və Almaniya (51 faiz) daxildir.

“Counterpoint” mütəxəssisləri sorğunu təsadüfi seçilən dünya istifadəçiləri arasında aparıb. Tədqiqatda 16-54 yaşlı respondentlərin iştirak etdiyi qeyd olunur.

Nizam Nuriyev 





16/10/17    Çap et