Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ildə qlobal fərdi kompüter bazarında artım qeydə alınacaq


“Gartner” analitik şirkətinin mütəxəssislərinin proqnozuna görə, 2018-ci ildə korporativ seqmentdə kompüter parkının yenilənməsi, Rusiya və Çin bazarlarında tələbatın canlanması fonunda qlobal fərdi kompüter sahəsində artım qeydə alına bilər.

Təxmin edilir ki, 2018-ci ildə ənənəvi və hibrid fərdi kompüterləri, planşet və mobil telefonlar daxil olmaqla bütün kompüter qurğularının tədarük həcmi 2% artaraq 2,35 milyard təşkil edəcək. Analitiklər 2017-ci ildə kompüter elektronikası bazarının həcmini 2,31 milyard ədəd qiymətləndirirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Gartner” şirkətinin eksperti Rancit Atval insanların tamamilə smartfonlardan istifadəyə keçməsi fikrini səhv adlandırıb. Smartfonların populyarlığına baxmayaraq, bu yaxınlarda keçirilmiş sorğunun nəticəsinə görə, bir çox insanlar üçün masaüstü fərdi kompüterlər, noutbuklar və planşetlər elektron poçtla məktub göndərmə, yaxud onlayn video izləmək kimi məsələlərin icrasında heç də az rol oynamır.

Eyni zamanda analitik etiraf edib ki, istehlakçıların öz kompüterlərini gec-gec yeniləməsi istehsalçılar üçün çətinliklər yaradır. Bu səbəbdən analitiklər ənənəvi kompüterlər kateqoriyasında mənfi trendin saxlanılmasını gözləyirlər. 2018-ci ildə ənənəvi kompüterlərin tədarük həcmi 4,4% azalaraq 195 milyon, 2019-cu ildə isə 188 milyon təşkil edəcək.

Bununla belə, “Windows 10” sistemi ilə işləyən yeni fərdi kompüterlərdən istifadəyə keçən biznes istifadəçilər sayəsində fərdi kompüterlər bazarı  yüksələn trayektoriya üzrə inkişaf edəcək. Tədarüklərin həcmi 2017-ci ildə 263 milyondan 2018-ci ildə 265 milyonadək artmalıdır.

Emil Hüseynov





18/10/17    Çap et