“Samsung” 8 nanometrlik texnoloji prosesin hazırlanmasını tamamlayıb
"Samsung Electronics" şirkəti yarımkeçiricilərin istehsalı üçün 8 nanometrlik texnoloji prosesin hazırlanmasını başa çatdırıb.
"ICTnews" Elektron Xəbər Xidməti "
DailyComm" resursuna istinadən yazır ki, yeni texnoloji prosesdə bir sıra dəyişikliklər edilib. Belə ki, proses vasitəsilə yaradılan çiplərin enerji səmərəliliyi şirkət tərəfindən yarımkeçiricilərin kütləvi istehsalı üçün tətbiq edilən ikinci nəsil 10 nanometrlik texnologiyadan istifadə olunmaqla istehsal edilən mikrosxemlərin effektivliyindən 10 faiz yüksəkdir. Bundan başqa, "Samsung" mikrosxemlər üçün tələb olunan yeri 10 faiz azaltmağa nail olub.
Məlumata görə, yeni texnologiya mobil telefon, şəbəkə qurğuları, serverlər, eləcə də virtual pulların əldə edilməsi avadanlıqları üçün lazım olan yüksək dərəcəli çiplərin buraxılışı üçün nəzərdə tutulub. "Samsung Electronics" 8 nanometrlik çiplərin seriyalı istehsalına bir neçə ay sonra başlamağı planlaşdıraraq dəqiq tarix barədə açıqlama vermir.
Yarımkeçiricilərin kontraktlı istehsalı üzrə böyüklüyünə görə dördüncü olan şirkət həmçinin daha qabaqcıl 7 nanometrlik texnoloji proses üzərində çalışır.
Ötən ilin oktyabrında Cənubi Koreya istehsalçısı sahədə ilk dəfə olaraq 10 nanometrlik texnoloji prosesdən istifadə etməklə çiplərin kütləvi istehsalına başlayıb.
Nizam Nuriyev