Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ay orbitinə hava ilə doldurulmuş yaşayış modulu buraxılacaq


“Bigelow Aerospace” özəl kosmik şirkəti “United Launch Alliance” müəssisəsi ilə birlikdə bəyanatla çıxış edərək 2022-ci ilədək Ay orbitinə hava ilə doldurulmuş yaşayış modulunu çıxarmağı planlaşdırmasını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, modulu buraxacaq raketdaşıyıcısı “United Launch Alliance” mütəxəssisləri tərəfindən hazırlanacaq, “B330” modulunu isə “Bigelow Aerospace” şirkətinin ərsəyə gətirməsi nəzərdə tutulur. Bunun 14 metr uzunluğunda hava ilə doldurulmuş və diametri 7 metrə yaxın bölmə olacağı planlaşdırılır. Bu ölçüdə bölmə 6 nəfərdən ibarət ekipajla birlikdə həyat və iş üçün lazım olan avadanlığı daşıya biləcək.  

Məlumata görə, əvvəlcə modul Yerətrafı orbitə çatdırılacaq. Bunun üçün xüsusi “Vulcan 562” raketinin hazırlanması nəzərdə tutulur. Yer orbitində modul hava ilə doldurularaq sınağı keçirildikdən sonra raketdaşıyıcısının yanacaqla doldurulması üçün ona modulu Aya aparacaq daha iki yanacaq raketi göndəriləcək.

“Bigelow Aerospace” prezidenti Robert Biqelou bildirib ki, layihənin məqsədi hökumətə kosmosda yaşayış bazasını tez, effektiv və ucuz qurmağı nümayiş etdirməkdən ibarətdir. O ümid edir ki, oxşar hava ilə doldurulmuş modullardan gələcəkdə, məsələn, Marsın kəşfi üçün istifadə etmək mümkün olacaq.

Kosmik şirkət tərəfindən hazırlanaraq qurulan modullardan biri 2016-cı ilin yazından Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərir. Dördmetrlik konstruksiyanın 2018-ci ildə ayrılması planlaşdırılır.

Nizam Nuriyev
 






19/10/17    Çap et