Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hibrid “HP ZBook x2” planşeti təqdim olunub


“HP” şirkəti “ZBook” mobil işçi stansiyalar seriyasını klaviaturası çıxarılabilən hibrid planşetlə genişləndirib. “ZBook x2” adlanan qurğu öz sinfində ən güclülərdən biri hesab olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “HP ZBook x2” planşeti “4K Ultra HD” (3840 x 2160 piksel) təsvir ölçülü 14 düym diaqonallı “IPS” ekranla təchiz edilib. İşıqlandırmaya malik klaviatura planşetə “Bluetooth” vasitəsilə qoşulur. Qurğudan ayrıca “Wacom EMR” texnologiyasını dəstəkləyən elektron qələm (stilius) təklif olunur.

Bildirilir ki, planşetin əsasını “Kaby Lake-R” arxitekturalı səkkizinci nəsil “Intel Core” prosessorları (i7-8560U), 2 giqabaytlıq videoyaddaşa malik “NVIDIA Quadro M620” diskret qrafikası, 32 giqabaytlıq operativ yaddaş və 128-512 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir.

Bundan başqa, ölçüsü 364,5 x 227 x 14,6 mm və klaviaturasız çəkisi 1,65 kq təşkil edən qurğuda “HDMI 1.4”, “USB 3.0” və iki “USB 3.1 Type-C” (Thunderbolt 3) çıxışları quraşdırılıb. Möhkəm korpus “MIL-STD 810G” hərbi standartına uyğun hazırlanıb. Klaviaturada barmaq izi skaneri, “smart” kartlar üçün oxuyucu qurğu (reader) nəzərdə tutulub.

Dekabrda satışa çıxarılacaq “HP ZBook x2” planşetinin qiyməti 1749 dollardan başlayacaq.

Nizam Nuriyev
 






19/10/17    Çap et