Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia 7” smartfonu rəsmən nümayiş edilib


“HMD Global” şirkəti Çində orta səviyyəli “Nokia 7” smartfon modelini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, korpusu alümin çərçivədən ibarət smartfon “Full HD” (1920 х 1080 piksel) təsvir ölçülü 5,2 düym diaqonallı ekran, “2.5D” dairəvi haşiyəyə malik “Corning Gorilla Glass 3” şüşə panel, barmaq izi skaneri, 16 meqapikselli əsas və 5 meqapikselli ön kamera ilə təchiz edilib.   

Məlumata görə, əsas yeniliklərdən biri ön və əsas kameranın eyni anda şəkil çəkərək “Bothie” rejimini yaratdığı ikitərəfli “Dual-Sight” çəkilişinin aparılma imkanıdır.

Yeni qurğunun aparat əsasını səkkiznüvəli “Qualcomm Snapdragon 630” prosessoru, 4 və ya 6 giqabaytlıq operativ və “microSD” formatlı yaddaş kartları ilə 128 giqabayt tutumadək genişləndirmə imkanına malik 64 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyatorun tutumu 3 min milliamper/saata bərabərdir.

Bundan əlavə, iki SİM kartdan istifadə, “4G VoLTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 5”, “GPS” dəstəklənir, eləcə də “USB Type-C” portu və qulaqcıqlar üçün 3,5 mm-lik çıxış nəzərdə tutulub. Ölçüsü 141,2 x 71,45 x 7,92 mm təşkil edən smartfon “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Qurğuda “Android 8.0 Oreo” sistem yenilənməsinin olacağı gözlənilir.

Oktyabrın 24-dən etibarən ağ və qara rəng variantlarında satışa çıxarılacaq “Nokia 7” smartfonunun qiyməti yaddaş həcmindən asılı olaraq 376 və 406 dollar təşkil edəcək.

Nizam Nuriyev 





19/10/17    Çap et