Uşaqların öyrədilməsi üçün robot pişik təqdim olunub
Rusiyanın Soçi şəhərində keçirilən Gənclər və Tələbələrin XIX Ümumdünya Festivalında gənc auditoriyanı maraqlandırmaq və proqramlaşdırma və robot texnikasına marağı cəlb etmək məqsədilə uşaqları öyrədə bilən robot pişik təqdim edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Hi-News” resursuna istinadən yazır ki, robot gənc istifadəçi tərəfindən proqramlaşdırıla bilən çoxsaylı sensorlarla təchiz olunub. Yeni qurğu səs ötürücülərinə, eləcə də robotun ayrı-ayrı hissələrinin hərəkətini təmin edən çoxlu mexaniki elementlərə malikdir.
Məlumata görə, robot üçün komandaları hazırkı mövcud proqramlaşdırma dilləri və ya proqramlaşdırma haqqında məlumatı olmayanlar üçün işi sadələşdirən xüsusi proqram vasitəsilə vermək mümkündür.
Layihə müəllifi Maksim Mosalskinin sözlərinə görə, robot uşaqlar üçün informatika, riyaziyyat, musiqi və biologiya kimi fənlərin öyrənilməsində yardım məqsədilə yaradılan ilk Belarus texnologiyasıdır. “8-14 yaşlı uşaqlar üçün nəzərdə tutulan qurğuda işi təmin edən çoxlu sensorlar quraşdırılıb. Biz Belarus müəllimləri ilə birlikdə robotun təhsil müəssisələrində tətbiqi üçün tam kursun hazırlanması ilə məşğuluq”, - layihə müəllifi vurğulayıb.
Nizam Nuriyev