Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avtonom üzən ev konsepti təqdim edilib


ABŞ-ın “Arkup” şirkəti həyat üçün tam yararlı avtonom ev konseptini təqdim edib. 30 kVt gücündə günəş panelləri və iki ehtiyat elektrik generatorla enerji ilə təchiz edilən üzən ev şəhərlərin elektrik şəbəkəsinə qoşulmanı tələb etməyəcək. Bundan başqa, ikimərtəbəli “Arkup” evi üzmə zamanı stabilləşdirə və onu sudan qaldıra bilən hidravlik dirəklərə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, avtonom üzən evin dirəkləri suyun 6 metr dərinliyinədək enə bilir ki, bu da ona lövbər kimi işləyərək uzaqlaşmağa imkan vermir. Evin damında yağış suyunun toplanması üzrə avtonom mexanizmlər quraşdırılıb, günəş panellərindən daxil olan enerji isə 1000 kilovat-saat tutumlu akkumulyatorda saxlanılır.

Məlumata görə, ev çoxlu rabitə vasitələrinə, o cümlədən peyk televiziyası, VHF radio, “4G” və “Wi-Fi” şəbəkəsinə malikdir. Hər biri 136 at gücündə iki elektrik mühərrik öz ətrafında dövr edir ki, bu da evə istənilən şəkildə manevr etməyə imkan verir. Maksimal sürət saatda 12 km təşkil edir.

Üzən evin konstruksiyası 250 km/saat sürətli dördüncü kateqoriyalı qasırğaya qarşı dözümlüdür. Daxildə yataq otaqları, tədbirlərin keçirilməsi üçün geniş yerlər, böyük mətbəx, trenajor zalı və s. yerləşir.

İlk “Arkup” üzən evi hazırda Mayami çayı sahilində inşa olunur. Tikintisi 2018-ci ilin ortalarında tamamlanacaq evin satışlarına növbəti ilin yayında başlamaq planlaşdırılır.  

Nizam Nuriyev





23/10/17    Çap et