“HTC U11 Plus” smartfonunun şəkilləri dərc edilib
“HTC” şirkətinin tezliklə qabaqcıl “U11” smartfonunun yenilənmiş “U11 Plus” versiyasını təqdim edəcəyi gözlənilir. Hazırda isə Çin Telekommunikasiya Avadanlığı Sertifikatlaşma Mərkəzi (TEENA) şirkətin yeni smartfonunun şəkillərini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, gözlənildiyi kimi, “U11 Plus” smartfonu “U11” modelinin böyüdülmüş versiyasıdır. Belə ki, Tayvan istehsalçısı ekranı böyüdərək barmaq izi skanerini arxa panelə keçirmək qərarına gəlib. Yeni modelin tərəflərinin nisbəti 18:9 təşkil edən 6 düym diaqonallı ekran və dəbə uyğun çərçivəsiz dizaynla təchiz ediləcəyi bildirilir.
“TEENA” yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumat verməsə də, “U11 Plus” smartfonunun “Snapdragon 835” prosessor, 12 meqapikselli əsas kamera, 3930 milliamper/saat tutumlu akkumulyator və “IP68” standartı üzrə sukeçirməzlik ilə təchiz olunacağı bəlli olub. Smartfonun iki versiyada satışa çıxarılacağı gözlənilir: 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyada, eləcə də daha bahalı 6 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyada.
Lakin ehtimalların özünü nə dərəcədə doğruldacağı “HTC” yeni modeli rəsmən təqdim edəndə məlum olacaq. Bunun noyabrın 2-də keçiriləcək tədbirdə baş verəcəyinin gözlənilməsinə baxmayaraq məşhur insayder Evan Blanss “Twitter” səhifəsində “U11 Plus” smartfonunun nümayişinin baş tutmayacağını bildirərək şirkətin orta qiymət seqmentinə aid “U11 Life” smartfonunu təqdim edəcəyini qeyd edib.
Nizam Nuriyev