Yeni “Sony” smartfonları təqdim olunub
“Sony Mobile” şirkəti “Xperia R1” və “Xperia R1 Plus” smartfonlarını nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “
3DNews” resursuna istinadən yazır ki, satışlarına noyabrda başlanacaq smartfonlar özündə 1,4 QHs takt tezlikli səkkiz “ARM Cortex-A53” nüvəsini və “Adreno 505” qrafik sürətləndiricisini birləşdirən “Qualcomm Snapdragon 430” prosessorundan istifadə edir. Quraşdırılmış “LTE Cat 4” modemi məlumatları 150 meqabit/saniyə sürətində yükləməyə imkan verir.
Məlumata görə, yeni qurğular 1280 × 720 piksel təsvir ölçülü və diaqonal üzrə ölçüsü 5,2 düym təşkil edən “HD 2.5D” ekranı ilə təchiz edilib. Korpusun arxa tərəfində işıqlandırıcıya malik 13 meqapikselli, ön tərəfində isə 8 meqapikselli kamera quraşdırılıb.
Bundan başqa, smartfonlar “Wi-Fi 802.11b/g/n” və “Bluetooth 4.2” modullar, GPS/GLONASS qəbuledicisi, “USB Type-C” portu, qulaqcıqlar üçün standart 3,5 mm-lik çıxış, “microSD” kartı üçün çıxış və “nanoSIM” kartları üçün iki çıxışla təchiz edilib. Qurğuların qabaritləri 146 × 73,2 × 8,89 mm, çəkisi 154 qram təşkil edir. Akkumulyator tutumu 2620 milliamper/saata bərabər smartfonlar “Android 7.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Onları, həmçinin “Android 8.0 Oreo” sisteminədək yeniləmək mümkün olacaq.
2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaşa malik “Xperia R1” smartfonunun qiyməti 215 dollar, 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilən “Xperia R1 Plus” modelinin isə 245 təşkil edir.
Nizam Nuriyev