Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron imza sertifikatının onlayn sifarişi sadələşdirilib


Milli Sertifikat Xidmətləri Mərkəzi Azərbaycanın ayrı-ayrı bölgələrindən edilən müraciətləri nəzərə alaraq Elektron imzanı əldə etmək üçün onlayn müraciət sistemini daha da sadələşdirilib.
 
Vətəndaşlar, fiziki və hüquqi şəxslər Elektron imza sertifikatını Qeydiyyat Mərkəzlərinə getmədən "Elektron hökumət" portalından yaxud e-imza.az saytından onlayn müraciət edərək sifariş edə bilərlər.
 
Bunun üçün ilk növbədə "Elektron hökumət" portalına (www.e-gov.az) daxil olub "E-xidmətlər" menyusundan "Bütün xidmətlər" bölməsini seçmək lazımdır.
 
 Sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi xidmətlər arasından "Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi" xidməti seçilir.
 
 Açılan səhifədə E-müraciət üçün müqavilə şərtləri ilə tanış olub, səhifənin aşağı hissəsində «İstifadəçi qaydalarını qəbul edirəm» xanasını işarələyib, «DAVAM ET» düyməsini sıxmaq lazımdır.



























































Daha sonra "FİN məlumatlarını gətir" xanasını seçmək lazımdır. FİN-ə uyğun məlumatlar avtomatik olaraq tamamlanacaq. Digər tələb olunan xanalar tamamlandıqdan sonra elektron imza sertifikatının daşıyıcısını seçib (USB-token, Smart Kart), "TƏSDİQLƏYİN" düyməsini sıxmaqla müraciəti göndərmək mümkündür.






















Qeyd edək ki, vətəndaş sifariş etdiyi elektron imza sertifikatını "Azərpoçt" MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat Mərkəzlərindən ala bilər. Bu Qeydiyyat Mərkəzləri Bakı şəhərində və Respublikanın bütün regionlarında mövcuddur.
 
Sertifikatı götürmək üçün şəxsiyyət vəsiqəsinin təqdim olunması vacibdir.
 
Qeyd edək ki, hazırda Milli Sertifikat Xidmətləri Mərkəzi Elektron imza sertifikatını 2 daşıyıcıda təqdim edir:
 
Smart Kart daşıyıcıda – Elektron imza sertifikatları kartda təqdim olunur.
 
USB daşıyıcıda – Elektron imza sertifikatları USB formasında olan (fləş karta oxşar) Tokenlər vasitəsilə təqdim olunur.
 
Elektron imza sifariş edən vətəndaş sifariş edəcəyi sertifikat daşıyıcını müəyyənləşdirdikdən sonra (Smart Kart, yaxud USB token) birini seçib, ödəniş edərək müraciətini göndərir.
 
Onu da qeyd edək ki, Smart Kartı seçmiş vətəndaş kart oxuyucunu da həmin səhifədən sifariş edə bilər. USB Token isə kompyuterə birbaşa qoşulduğundan kart oxucuya ehtiyac yoxdur.
 
Məlumat üçün bildirək ki, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan "Elektron imza" sertifikatından istifadə tam pulsuzdur. 1 dəfə ödəniş edib, sertifikatı əldə etməklə 3 il müddətində heç bir xidmət haqqı olmadan tam ödənişsiz istifadə edilir. Bundan əlavə, "Elektron imza" beynəlxalq FİPS 140-2 təhlükəsizlik standartına uyğunlaşdırılmış, tam təkmil imzalama vasitəsidir.





31/10/17    Çap et